Dövlət vergi orqanlarına işə qəbul imtahanı keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edib. Müsabiqənin keçirilməsində məqsəd dövlət vergi orqanlarının regionlarda yerləşən strukturlarının kadr ehtiyacını qarşılamaq, eyni zamanda potensiallı gəncləri dövlət vergi orqanlarına işə qəbul etməkdir.
Dövlət vergi orqanlarına işə qəbulla bağlı sayca 18-ci olan müsabiqə test imtahanı və müsahibədən ibarət olacaq. Müsabiqədə iştirak etmək istəyən namizədlər 19 sentyabr 2022-ci il tarixdən 16 oktyabr 2022-ci il tarixədək müvafiq elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçiblər. İşə qəbulla bağlı ümumilikdə 3418 müraciət daxil olub və onlardan 2465 namizəd müsabiqədə iştirak hüququ qazanıb.
Müsabiqənin test imtahanı mərhələsi 20 noyabr 2022-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq. Test imtahanından uğurla keçən namizədlərə müsahibə mərhələsi barədə əlavə məlumat veriləcək. İşə qəbul üzrə müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!