Böyük Britaniya Vergi və Gömrük Administrasiyasının mütəxəssisləri vergi xidməti əməkdaşları üçün təlim keçirlər
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyası (HMRC) ilə ikitərəfli əlaqələri genişləndirir. Qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində HMRC mütəxəssislərinin Bakıya səfəri başlayıb. Məqsəd vergi orqanları əməkdaşları üçün təlimlər keçmək və təcrübə mübadiləsi aparmaqdır.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən təlimlərdə transfer qiymətləri sahəsində inzibatçılıq, ölkələrarası hesabatlılıq (CBC reporting), transfer qiymətləri və vergiyə cəlb olunma, ümumi hesabatlılıq standartı (CRS), ölkələrarası hesabatlılıq üzrə qiymətləndirmə (CBC peer review), məlumat mübadiləsi – benefisiar mülkiyyətçi, əvvəlcədən müəyyənləşdirilmiş vergi öhdəlikləri barədə qərarların mübadiləsi (Exchnage of tax rulings), daimi nümayəndəliklərin vergi uçotu mövzuları müzakirə olunacaq. İlk mərhələ oktyabrın 31-dən noyabrın 4-dək davam edəcək.
Təlimlərdə Böyük Britaniya Vergi və Gömrük Administrasiyasının ölkələrarası hesabatlılıq üzrə mütəxəssisi Simon Kimber və məlumat mübadiləsi üzrə mütəxəssisi Con Sverdlov iştirak edirlər. Qurumun baş təhlilçisi Dan Arçer, texniki mütəxəssis Canet Hopkins, araşdırma məlumat mübadiləsi mütəxəssisi Nikola Maykok, avtomatik məlumat mübadiləsi siyasətinin rəhbəri David Smit prosesə onlayn qaydada qoşulublar.
Mövzuların aktuallığını nəzərə alaraq, təlimlərin 2-ci hissəsinin noyabr ayında davam etdirilməsi nəzərdə tutulur.