“Vergi sistemində korrupsiyanın qarşısının alınması istiqamətində nəticəyönümlü işlər görülür”
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Daxili təhlükəsizlik baş idarəsinin rəis müavini Şahin Səfərovun “vergiler.az”a müsahibəsini təqdim edirik.
- Şahin müəllim, vergi xidməti sahibkarlıq subyektləri ilə birbaşa təmasda çalışan dövlət qurumlarından biridir. Burada şəffaflığın təmin olunması, vergi ödəyiciləri ilə iş prosesində korrupsiya elementlərinin aradan qaldırılması xüsusilə vacibdir. Dövlət Vergi Xidmətində korrupsiya ilə mübarizə sahəsində nə kimi işlər görülüb? Vətəndaşlar belə hallarla bağlı necə müraciət edə bilirlər?
- Rəqabət qabiliyyətli iqtisadi sistemin qurulması, davamlı inkişafın və iqtisadi dayanıqlığın təmin olunması bu gün ölkəmizdə aparılan iqtisadi siyasətin əsas istiqamətləridir. Bu proseslərin uğurunun təmin olunması biznesin inkişafını şərtləndirən amillərlə yanaşı, həm də şəffaflığın təmin olunması, biznesin aparılması üçün ekomühitin cəlbediciliyinin artırılması, dövlət idarəetmə sistemində mümkün ola biləcək korrupsiya elementlərinin qarşısının alınmasıdır.
Vergi ödəyiciləri ilə birbaşa təmasda işləyən dövlət qurumu olaraq bu gün vergi sistemində şəffaflığın təmin edilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, vergi orqanlarında idarəetmə prinsiplərinin yenidən təşkili, dinamik və müasir idarəetmə prinsiplərinə söykənən vergi administrasiyasının formalaşdırılması əsas prioritetlərimizdir.
Bu gün ölkəmizdə gedən uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə son illərdə bir sıra tədbirlər həyata keçirilib, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilib.
Məlum olduğu kimi, dövlət orqanlarında korrupsiyaya qarşı mübarizə aparmaq məqsədilə 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı" təsdiq edilib. Korrupsiya hallarına qarşı mübarizə aparılması məqsədilə dövlət orqanlarının aparatında daxili nəzarəti həyata keçirən qurumlar müəyyən edilib. Həmin qurumların əsas vəzifəsi müvafiq orqanlarda daxili təhlükəsizliyi təmin etmək, inzibati nəzarəti həyata keçirmək, korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verən əməkdaşları müəyyən edərək səlahiyyətləri daxilində tədbirlər görməkdir.
Vergi ödəyiciləri ilə birbaşa təmasda işləyən dövlət qurumu olaraq bu gün vergi sistemində şəffaflığın təmin edilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, vergi orqanlarında idarəetmə prinsiplərinin yenidən təşkili, dinamik və müasir idarəetmə prinsiplərinə söykənən vergi administrasiyasının formalaşdırılması əsas prioritetlərimizdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində bu işləri Xidmətin struktur bölməsi olan Daxili təhlükəsizlik baş idarəsi həyata keçirir. Vergi sistemində vətəndaş məmnunluğunun və əlçatanlığının təmin edilməsi məqsədilə “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlament tətbiq olunmaqdadır. Bu elektron xidmət vasitəsilə vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya ilə əlaqədar hüquqpozmalar və digər neqativ hallar barədə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yaradılmış müvafiq linkə daxil olaraq onlayn məlumat verilməsi mümkündür. Eyni zamanda, vətəndaşların İqtisadiyyat Nazirliyinə və onun müvafiq qurumlarına müraciətlərinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə ölkənin istənilən regionundan İqtisadiyyat Nazirliyi və qurumlarına birbaşa zəng etməyə imkan verən vahid platforma – 195-1 Çağrı Mərkəzi yaradılıb.
- Belə müraciətlər daxil olanda onlara baxılması necə həyata keçirilir? Şəffaflığın təmin edilməsi məqsədilə vətəndaşlar və vergi orqanı arasında nə kimi maarifləndirmə tədbirləri həyata keçirilir?
- Daxili təhlükəsizlik baş idarəsində hər bir müraciət bilavasitə ərizəçinin (onun səlahiyyətli nümayəndəsinin) iştirakı ilə araşdırılır, təsdiqini tapmış faktlar üzrə vətəndaşların (vergi ödəyicilərinin) pozulmuş hüquqları bərpa edilir, təqsirkar vəzifəli şəxslər intizam məsuliyyətinə cəlb olunurlar. Dövlət Vergi Xidmətində korrupsiya risklərinin qiymətləndirilməsi məqsədilə Daxili təhlükəsizlik baş idarəsi tərəfindən mütəmadi olaraq elektron və digər informasiya mənbələri əsasında vergi orqanlarının fəaliyyət göstəriciləri təhlil edilir, təhlilin nəticəsinə uyğun olaraq daxili nəzarət qaydasında daxili audit, monitorinq və müşahidə-baxış tədbirləri həyata keçirilir. Daxili nəzarət tədbirləri nəticəsində aşkar edilən və korrupsiya riski kimi qiymətləndirilən hallar hər il növbəti il üçün təsdiq edilən “İqtisadiyyat Nazirliyində korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması planı”na daxil edilir və təsdiq olunmuş plana uyğun olaraq müvafiq tədbirlər görülür.
Şəffaflığın təmin edilməsi, habelə vətəndaşların (vergi ödəyicilərinin) maarifləndirilməsi məqsədilə Daxili təhlükəsizlik baş idarəsi tərəfindən “Korrupsiyaya yox deyək!” adlı buklet hazırlanaraq rəsmi internet saytında və vergi ödəyicilərinin e-qutularında yerləşdirilib. Bukletdə korrupsiya ilə əlaqədar əsas anlayışlar, korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar, vergi orqanlarında korrupsiyaya qarşı mübarizəni həyata keçirən struktur, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılmasının xüsusiyyətləri barədə məlumat verilib, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat vermə imkanları öz əksini tapıb.
Dövlət Vergi Xidmətində korrupsiya risklərinin qiymətləndirilməsi məqsədilə Daxili təhlükəsizlik baş idarəsi tərəfindən mütəmadi olaraq elektron və digər informasiya mənbələri əsasında vergi orqanlarının fəaliyyət göstəriciləri təhlil edilir, təhlilin nəticəsinə uyğun olaraq daxili nəzarət qaydasında daxili audit, monitorinq və müşahidə-baxış tədbirləri həyata keçirilir.
Daxili təhlükəsizlik baş idarəsinin təklifi ilə hər il Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin tədris-mövzu planlarına "Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət”, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış məsələləri", “Daxili xidməti intizam və məsuliyyət məsələləri”, “Vergi orqanlarında məlumat təhlükəsizliyinin təmin edilməsi" adlı mövzular daxil edilir və həmin mövzular üzrə tədris aparılır.
Həmçinin, ildə iki dəfə olmaqla Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində vergi orqanı əməkdaşlarına “Korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri” və “Vergi orqanlarında daxili nəzarət sisteminin təşkili Qaydaları” mövzularında təlimlər keçirilir.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, vergi orqanlarının fəaliyyətində şəffaflığın, vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının və xidmət intizamının təmin edilməsi, vergi orqanı əməkdaşlarının vergi ödəyiciləri və digər şəxslərlə hüquqazidd əlaqələrə girmələrinin, vəzifə funksiyaları ilə şəxsi maraqlarının toqquşmasının, vergi ödəyicilərinə himayədarlıq edilməsinin, cinayət xarakterli əməllər törətməklə özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edilməsinin maksimum səviyyədə qarşısının alınması qarşımıza qoyduğumuz əsas hədəflərdir.
- Müraciətlər, yaxud daxili araşdırmalar nəticəsində belə hallar aşkar olunduqda, hansı addımlar atılır?
- Məlumat üçün bildirirəm ki, Daxili təhlükəsizlik baş idarəsi tərəfindən son beş ildə korrupsiya ilə bağlı hüquqpozmalar və digər neqativ hallar üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 41 nəfər vergi orqanı əməkdaşının xidmətinə xitam verilib, o cümlədən 33 əməkdaş barəsində toplanmış materiallar törədilmiş əməllərə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Korrupsiya ilə əlaqədar aşkar olunmuş hüquqpozma hallarına hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş materialların sayı onu deməyə əsas verir ki, vergi sistemində korrupsiya hallarının qarşısının alınması, korrupsiyaya yol vermiş şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi və bu halların yaranmasına yol açan mexanizmlərin ləğv edilməsi istiqamətində nəticəyönümlü işlər görülür və onlar kifayət qədər effektlidir.
- Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq və yerli vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edirsinizmi?
- Son illərdə Dövlət Vergi Xidməti tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlarla, vətəndaş cəmiyyəti ilə məlumat mübadiləsi və səmərəli əlaqələndirmə işləri aparılır. Daxili təhlükəsizlik baş idarəsi tərəfindən korrupsiya halları ilə bağlı hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş materiallarla bağlı müntəzəm olaraq Dövlət Vergi Xidmətində və Baş Prokurorluqda hər iki qurumun əməkdaşlarının iştirakı ilə görüşlər təşkil olunur, məlumat mübadiləsi aparılır.
Korrupsiya ilə əlaqədar aşkar olunmuş hüquqpozma hallarına hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş materialların sayı onu deməyə əsas verir ki, vergi sistemində korrupsiya hallarının qarşısının alınması, korrupsiyaya yol vermiş şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi və bu halların yaranmasına yol açan mexanizmlərin ləğv edilməsi istiqamətində nəticəyönümlü işlər görülür və onlar kifayət qədər effektlidir.
Həmçinin, əməkdaşlarımız uzun illərdir ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq proqram, seminar və təlimlərdə yaxından iştirak edirlər. Belə ki, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin 3-cü Monitorinq Raundu çərçivəsində, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı Ölkələrində həyata keçirilən Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsində (PƏÇ) “Məlumat verən şəxslərin müdafiəsi” ilə bağlı tədbirlərə əməkdaşlarımız qatılıb. Bundan başqa, "Antikorrupsiya idarəetmə sistemi" (İSO 37001) beynəlxalq standartının ölkəmizdə təşviqi və aidiyyəti dövlət orqanlarının bu standartın tələbləri ilə maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə "İSO 37001 beynəlxalq standartının tələbləri" mövzusunda keçirilmiş təlimdə vergi orqanı əməkdaşları iştirak edib.
Ötən il Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Açıq hökumətin təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti – Dialoq Platformasının, Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyevin iştirakı ilə “Azərbaycanda antikorrupsiya strategiyası və gələcəyə baxış” mövzusunda videoformat şəklində tədbir keçirilib. Tədbirdə antikorrupsiya strategiyasının əsas istiqamətləri, bu sahədə yeni fəaliyyət planı, dövlət orqanlarında, o cümlədən vergi xidmətində risk qiymətləndirilməsinin aparılması, nəzarət mexanizmlərinin səmərəliliyinin artırılması üçün müstəqil qiymətləndirmə sisteminin tətbiqi, ictimai iştirakçılığın genişləndirilməsi və gücləndirilməsi və s. ilə bağlı dövlət orqanlarında korrupsiya hüquqpozmaları ilə bağlı yaradılmış komissiyalarda (şuralarda) vətəndaş cəmiyyəti və media nümayəndələrinin təmsil olunması və s. vacib məsələlər müzakirə olunub.
Qeyd etmək istəyirəm ki, biz bu cür layihələri vaxtaşırı həyata keçiririk və gələcəkdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığımızı daha da genişləndirməyi düşünürük.