Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

2022-2023-cü illər üzrə Yol Xəritəsi vergi sistemində biznes üçün əhəmiyyətli yeniliklər vəd edir

Vergi iqtisadiyyatın tənzimlənməsinin mühüm alətlərindən biridir və vergi sahəsində aparılan islahatlar ölkədə həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Bu islahatlar iqtisadi siyasəti dəstəkləyir və biznes mühitinin tələbatına uyğun müasir həllərin tətbiqini təmin edir.

Dünya Bankı Qrupunun elan etdiyi “Əlverişli Biznes Mühiti” layihəsi çərçivəsində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın xətti ilə ölkəmizdə biznesin funksionallığının təmin edilməsi, biznes mühiti ilə bağlı islahatların sürətləndirilməsi istiqamətində geniş bir fəaliyyətə start verilib.

Dünya Bankı Qrupunun elan etdiyi “Əlverişli Biznes Mühiti” layihəsi ölkənin biznes və investisiya mühitinin əlverişliliyinin, yerli və xarici investorlar üçün cəlbediciliyinin daha da artırılmasına yönələn, keyfiyyətcə yeni yanaşmalar əsasında qurulan bir dəyərləndirmə prosesidir. Əgər əvvəllər qurum tərəfindən biznes mühitinin dəyərləndirilməsi zamanı diqqət daha çox mikro və kiçik sahibkarlıq subyektlərinə yönəlirdisə, indi ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə özəl sektorun inkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərinin müqayisəli qiymətləndirilməsi xüsusi önəm daşıyır. Layihə biznes mühitinin əlverişliliyini, 3 mərhələdən ibarət olmaqla, 10 indikator əsasında qiymətləndirir.

Bu indikatorlardan biri də vergitutma ilə bağlı məsələlərdir. Layihənin vergitutma məsələləri üzrə yaradılmış İşçi Qrup tərəfindən “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi tərtib edilib. Bu günlərdə Yol Xəritəsinin təqdimatı keçirilib. Onun əsas hədəfi özəl sektorun genişlənməsinə və inkişafına əlverişli imkan yaradan qaydaların və təcrübələrin tətbiqini təhlil etməklə onların təkmilləşdirilməsinə və cəlbediciliyinin artırılmasına nail olmaq, orta müddətli dövrdə həyata keçiriləcək təşəbbüslərin ictimaiyyətin və vergiödəyicilərinin diqqətinə çatdırılması, habelə gələcək dövrün fəaliyyətləri barəsində əhalinin məlumatlandırılmasından ibarətdir. Vergi sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi 9 komponenti əhatə edən 3 əsas altindikator üzrə aparılacaq.

- “Vergi qaydalarının keyfiyyəti”;

- “Vergi administrasiyası tərəfindən təmin edilən xidmətlər”;

- “Vergi yükü və vergi sistemlərinin səmərəliliyi”.

“Vergi qaydalarının keyfiyyəti indikatoru” çərçivəsində vergi müddəalarının aydınlığının təmin edilməsi, sorğuların keçirilməsi mexanizmlərinin və intensivliyinin müəyyən edilməsi və vergi qaydalarının yaradılmasında şəffaflıq prosesləri dəyərləndiriləcək.

“Vergi administrasiyası tərəfindən təmin edilən xidmətlər” altindikatoru üzrə vergi bəyannaməsi, vergilərin ödənilməsi və hesablanması üzrə elektron sistemlərin təkmilləşdirilməsi, vergi orqanı və digər dövlət orqanları arasında qarşılıqlı fəaliyyətin və məlumat mübadiləsinin səviyyəsinin qiymətləndirilməsi, riskə əsaslanan audit sisteminin inkişaf etdirilməsi, vergi yoxlamaları ilə bağlı mübahisələrin həlli mexanizmləri və vergi idarəçiliyinin şəffaflığı diqqət mərkəzində olacaq.

“Vergi yükü və vergi sistemlərinin səmərəliliyi” altindikatoru üzrə isə biznes üçün vergi dərəcələrinin optimallaşdırılması və vergi qaydalarına əməl etmək üçün tələb olunan müddətin sadələşdirilməsi prosesləri nəzərdə tutulur.

Biznes mühiti üçün əhəmiyyətli yeniliklər

“Əlverişli Biznes Mühiti” layihəsi ölkənin biznes və investisiya mühitinin əlverişliliyinin, yerli və xarici investorlar üçün cəlbediciliyinin daha da artırılmasına yönəlib və layihəsi bütövlükdə iqtisadiyyat, birbaşa olaraq sahibkarlıq subyektləri üçün yeniliklərlə səciyyələnəcək. İqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl” texnologiyalardan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və “yaşıl” vergilərin tətbiq dairəsinin müəyyən edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübə öyrəniləcək. Bu istiqamətdə hibrid avtomobillərin idxalı və satışı üzrə vergi təşviqlərinin davam etdirilməsi, əhatə dairəsinin genişləndirilməsi, əhali qrupuna daxil olan aktiv istehlakçıların bərpa olunan enerji mənbələri hesabına istehsal etdikləri elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlirə münasibətdə güzəştlərin müəyyən edilməsi və s. kimi məsələlər nəzərdə tutulur. Biznes üçün vergi yükünün və vergi qaydalarına əməl etmək üçün sərf edilən vaxt göstəricilərinin azaldılması komponentləri müzakirə ediləcək. Xüsusilə kiçik dövriyyəyə malik, mikro sahibkarlıqla məşğul olan fərdi sahibkarların ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması məsələsi diqqət mərkəzindədir. Çünki özəl sektorun, xüsusilə də mikro və kiçik sahibkarlığın inkişafının yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına sürətləndirilməsi əsas istiqamətlərdəndir. Bu məsələ ətraflı öyrənilməklə və həmin şəxslərin gələcək sosial təminatları nəzərə alınmaqla təkliflərin hazırlanması və təqdim edilməsi nəzərdə tutulur. Həmçinin, artıq ödəmələrin çevik qaytarılması nəzərdə tutulan vergiödəyiciləri meyarlarının müəyyən edilməsi, həmin vəsaitlərin büdcədən qaytarılması ilə bağlı yaradılmış “Vahid elektron lövhə” sisteminə sosial sığorta haqları üzrə artıq ödəmələrin də əlavə edilməsi müzakirə predmeti olacaq.

Şəffafığın əhatəsi daha da genişlənəcək

Yaxın perspektivdə İnternet Vergi İdarəsinin və mövcud elektron xidmətlərin təlimatlandırıcı rejimdə (simulyator) “Biznes mühitini və vergi yükünü araşdır”, “Elektron vergi konsaltinqi”, “Reytinq”, “Vergi əməletməsinin qiymətləndirilməsi”, “Kontragentləri araşdır” adlı yeni elektron xidmətlərin yaradılması nəzərdə tutulur. Əvvəlcədən doldurulmuş vergi bəyannamələri sisteminə keçidin təmin edilməsi həm sahibkarların, həm vergi xidmətinin işinin əsaslı şəkildə yüngülləşməsinə, eləcə də könüllü əməletmə səviyyəsinin artmasına töhfə verəcək. Riskə əsaslanan audit sisteminin inkişaf etdirilməsi, vergi yoxlamaları ilə bağlı mübahisələrin həlli mexanizmləri və vergi idarəçiliyinin şəffaflığı diqqət mərkəzində olacaq. Risk əsaslı auditin daha ünvanlı və səmərəli tətbiqi vergi xidmətinin iş keyfiyyətini artırmaqla yanaşı, biznes mühitinə də müsbət təsir göstərəcək. Risk əsaslı auditin bir çox müəssisələrə deyil, əsasən yüksək riskli

vergiödəyicilərinə hədəflənməsi, audit yoxlaması üçün halların audit bölmələri tərəfindən deyil, mərkəzləşdirilmiş qaydada seçilməsi, şəffaf və effektiv audit prosedurlarının tətbiqi şəraitində elektron risk sistemi üzrə uyğunsuzluqların müəyyən edilməsi parametrlərinin genişləndirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur. Vergi mübahisələrin effektiv həlli mexanizmlərinin qurulması və Vergi Ombudsmanının fəaliyyətinin effektivliyini artırmaq nəzərdə tutulub.

Dövlət-biznes münasibətlərində yeni mərhələ

Vergi orqanları ilə vergiödəyiciləri arasında qarşılıqlı etimadın artırılması və vergi siyasətinin müəyyənləşdirilməsində ictimai əməkdaşlığın iştirakı, dövlət-biznes münasibətlərində aydın münasibətlərin qurulması daim diqqət mərkəzindədir. Bu təmaslar vergi orqanları ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsində və vergiödəyicilərinin vergi öhdəliklərinə əməletmə səviyyəsinin daha da yüksəldilməsinə öz töhfəsini verir. Bu konktekstdən çıxış edərək, “Əlverişli Biznes Mühiti” layihəsinin böyük bir komponenti ticarət palataları və assosiasiyalarla işin aparılmasını əhatə edir. İşçi qrupun tərkibində hazırlanacaq islahat layihələrində özəl sektorun və vətəndaş cəmiyyətinin rəyinin müntəzəm və sistemli qaydada nəzərə alınmasına imkan verən mexanizm mövcuddur. Burada biznesin problemləri ilə yaxından və dərindən tanış olan konsaltinq şirkətləri və biznes assosiasiyaları, ictimai birliklər, beyin mərkəzləri, elm dairələri, müxtəlif dövlət qurumları, publik hüquqi şəxslər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müəssisə və təşkilatların mütəxəssisləri və müstəqil ekspertlər təmsil olunur. Hökumət, özəl sektor və vətəndaş cəmiyyətinin fəal dialoqu çərçivəsində qurulan bu əməkdaşlıq milli vergi sisteminin daha da irəli aparılması və iqtisadi islahatların təşviqinə böyük töhfə verəcək.

AZƏRTAC