Dövlət Vergi Xidmətinin təşkil etdiyi Yay Təcrübə Proqramı yekunlaşıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) ali təhsil müəssisələrinin tələbələri üçün təşkil etdiyi Yay Təcrübə Proqramı başa çatıb. Bununla əlaqədar layihənin bağlanış və sertifikatların təqdimat mərasimi keçirilib.
Tədbirdə iştirak edən DVX-nin rəisi Orxan Nəzərli ölkəmizdə həyata keçirilən gənclər siyasəti və insan kapitalının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Xidmət rəisi gənclərin dövlət qulluğuna marağının artırılması, bu sektorda fəaliyyət göstərmələri üçün motivasiya yaradılması məqsədilə dövlət qurumları tərəfindən müxtəlif layihələr reallaşdırıldığını və bu layihələrin məşğulluğun təmin olunmasına töhfə verəcəyini vurğulayıb. Qeyd olunub ki, gənclərin bilik və bacarıqlarının artırılması, həmçinin fərdi inkişaflarını hədəfləyən Yay Təcrübə Proqramının başlıca məqsədi də məhz onların dövlət vergi orqanlarının fəaliyyətinə marağını artırmaq və gələcəkdə Dövlət Vergi Xidmətində işə cəlb olunmasını təmin etməkdir.
Tədbirdə DVX-nin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova Yay Təcrübə Proqramının nəticələri ilə bağlı təqdimatla çıxış edib. Bildirib ki, proqrama qoşulmaq üçün ümumilikdə 32 yerli və xarici ali təhsil müəssisəsindən 900-dan çox tələbə müraciət edib. Bir neçə mərhələdən ibarət seçim prosesinin nəticəsinə əsasən, onlardan 67 nəfər Yay Təcrübə Proqramında iştirak hüququ qazanıb və DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsinə qatılıb. Daha sonra tələbələr DVX-nin Aparatının struktur bölmələri və strukturuna daxil olan qurumlarında əvvəlcədən hazırlanmış proqram əsasında təcrübə keçiblər.
Tədbirin sonunda DVX-nin rəisi Orxan Nəzərli tələbələri maraqlandıran sualları cavablandırıb.