Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • həmin Qanunun 10-cu maddəsinin doqquzuncu hissəsində nəzərdə tutulmuş torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikası Prezidentinin təsdiqinə təqdim etsin;
  • «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • öz səlahiyyətləri daxilində «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

  • «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin doqquzuncu hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
  • həmin Qanunun 14-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
  • həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi həyata keçirirlər;
  • həmin Qanunun 12-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinə dair icarə müqavilələrinə münasibətdə — Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, digər torpaq icarəsi müqavilələrinə münasibətdə — Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirir;
  • həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir;
  • həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.

Bakı şəhəri, 12 mart 1999-cu il.
№– 116.

«Azərbaycan» qəzetində dərc edilmişdir (17 mart 1999-cu il, №– 60).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 mart 1999-cu il, №– 3, maddə 168).

11 oktyabr 2001-ci il tarixli, 587 nömrəli; 21 dekabr 2001-ci il tarixli, 609 nömrəli; 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli; 23 noyabr 2005-ci il tarixli, 321 nömrəli; 6 iyul 2006-cı il tarixli, 426 nömrəli; 23 noyabr 2007-ci il tarixli, 662 nömrəli; 2 iyul 2010-cu il tarixli, 291 nömrəli Fərmanlara əsasən dəyişikliklərlə.