Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
Dövlətin iqtisadi siyasətində qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac potensialının artırılması, regional siyasətin davam etdirilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının, şəffaflığın gücləndirilməsi kimi məsələlərə üstünlük verilir.
AZƏRTAC xəbər verir ki, bu ilin birinci yarısında Azərbaycanda iqtisadi artım yenidən sürətlənib, ümumi daxili məhsulun (ÜDM) artım tempi son 6 ayda 6,2 faiz olub. Qeyri-neft sektorunda artım göstəricisi 9,6 faizə bərabərdir. Fiskal vә monetar siyasәtin səmərəli koordinasiyası makroiqtisadi sabitliyi təmin edir. İqtisadiyyatımızın dayanıqlı inkişafı üçün dövlət tərəfindən hədəflər və prioritetlər müəyyənləşdirilib. Ölkəmizin sosial-iqtisadi həyatının bütün tərəflərini əhatə edən “Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın qəbul edilməsi iqtisadi inkişafın yeni mərhələsinə keçid üçün şərait yaradacaq. Müasir çağırışlara uyğun olaraq ortamüddətli dövrdə də ÜDM-in artım tempinə uyğunlaşan bir vergi siyasətinin həyata keçirilməsi müəyyən edilib.
İqtisadi hədəflərə uyğun vergi siyasəti
Vergi siyasəti üçün müəyyən edilmiş istiqamətlərdən birincisi, idxal məhsullarının yerli istehsal məhsulları ilə əvəzlənməsi, sənayeləşmənin daha da inkişafı üçün effektiv vergi tənzimlənmələrinin həyata keçirilməsidir. Mütəmadi aparılan təhlillər ölkənin hansı məhsulların idxalından asılılığının mövcudluğunu və həmin məhsulların ölkədə istehsalının həcminin artırılması üçün nə kimi iqtisadi təşviq alətlərinə ehtiyac olduğunu müəyyən edir. Bu tənzimləmə alətlərindən biri də vergi təşviqləri olduğuna görə, qarşıdakı dövrdə yerli istehsalın təşviqi ilə bağlı vergi tənzimləmələri həyata keçiriləcək.
Bununla yanaşı, maliyyə və kapital bazarlarının inkişafının da vergi yolu ilə tənzimlənməsi və təşviqi nəzərdə tutulur. Maliyyə və kapital bazarları nə qədər çox inkişaf etsə, bir o qədər real sektorun inkişafına dəstək verə bilir. Ona görə də ölkəmizdə müasir maliyyə alətlərinin inkişafı üçün vergi təşviqlərinin, vergi tənzimləmələrinin verilməsi də planlaşdırılır. İnvestisiyalar üçün əlverişli vergi şərtləri tətbiq ediləcək və digər fiskal stimullar veriləcək.
İşğaldan azad olunmuş ərazilərdə, həm də iqlim şəraiti nəzərə alınmaqla Azərbaycanın turizm potensialı olan regionlarında turizmin inkişafı, bu sektorun sabit xərclərinin azaldılması və bunun vergi yolu ilə tənzimlənməsi vergi islahatlarında daha bir istiqamət olacaq.
Son bir neçə ildə həyata keçirilən islahatların ayrılmaz tərkib hissəsi, bəlkə də aparıcı istiqaməti “kölgə iqtisadiyyatı”nın azaldılması ilə bağlı həyata keçirilən tədbirlərdir. İqtisadiyyatın şəffaflaşması, şaxələnməsi və investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı vergi siyasətinin tətbiq olunması davam edəcək. “Kölgə iqtisadiyyatı” ilə mübarizə bir ildə həyata keçirilən və növbəti ildə yekunlaşan bir proses deyil. Hər il vergi qanunvericiliyində də, vergi inzibatçılığında da həyata keçirilən bütün islahatlarda şəffaflaşmanın artırılması və haqsız rəqabətin qarşısını almaq məqsədi daşıyan təkmilləşdirmələr aparılır ki, bunların da əsas hədəfi “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, qanunsuz sahibkarlıqla mübarizənin genişləndirilməsidir. Bu tədbirlər isə yalnız cəza siyasəti, yaxud müxtəlif sanksiyaların artırılmasını nəzərdə tutmur. Burada daha çox rəqəmsallaşma, üçüncü şəxslərdən, yəni ayrı-ayrı subyektlərdən məlumatların toplanması, onların keyfiyyətli rəqəmsal emal olunması yolu ilə mümkün qədər vergidən yayınmaların, vergilərin minimallaşmasının qarşısının alınması ilə bağlı tədbirlərdir.
“Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi və dövrün sonuna rəqəmsal vergiyığma üzrə əhatəliliyin (təqdim edilmiş qaimə-faktura və onlayn kassa üzrə dövriyyələrin cəminin bəyan edilmiş dövriyyəyə nisbəti) xüsusi çəkisinin 75 faizdən çox olması nəzərdə tutulub. Ölkədə aparılan iqtisadi siyasət, iqtisadi prioritetlər əsas götürülməklə yanaşı, vergi sahəsində beynəlxalq tendensiyalar da diqqət mərkəzindədir. Bu baxımdan transmilli şirkətlərin dünyanın ayrı-ayrı yerlərində vergilərin ödənilməsi, vergidən yayınmanın, verginin bir ölkədən digərinə daşınmasının qarşısının alınması ilə bağlı beynəlxalq təcrübə araşdırılır. Bu sahədə tətbiq olunan müasir alətlərin milli vergi qanunvericiliyində öz əksini tapması bundan sonra da təmin olunacaq.
Dövlət ortamüddətli dövr ərzində əmlak və kapital amnistiyası verməklə uçotdan yayındırılmış, gizlədilmiş aktivlərin və əmlakların bəyan edilməsinə şərait yaradacaq islahatları da nəzərdən keçirir. Bu kapitalın amnistiya prosesindən keçməklə şəffaflaşdırılması, uçotdan gizlədilmiş əmlakların bəyan edilməsi üçün dövlətin amnistiya və bir sıra dövlət təminatlarını verməsi və növbəti dövrdə leqal iqtisadiyyatın həcminin artırılması ilə bağlı hədəflər mövcuddur. İqtisadiyyatın strateji sahələrinin inkişafının stimullaşdırılması, habelə investisiya və kapital qoyuluşu, həcminin artırılması üçün vergi təşviqi alətlərindən effektiv istifadə edilməsi nəzərdə tutulub. Vergi siyasətinin hədəfi özəl sektorun inkişafı, idarəetmə və şəffaflıq sahəsində islahatların davam etdirilməsi, həmçinin maliyyəyə çıxışın yaxşılaşması hesabına iqtisadi şaxələnmənin dərinləşməsi və iqtisadiyyatın şoklara dayanıqlılığının yüksəldilməsinə, ümumi iqtisadi prioritetlərlə uyğunlaşaraq qeyri-neft sahəsində, xüsusilə sənayedə yerli istehsalın həcminin artırılmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edəcək.
Yeni strateji inkişaf mərhələsi mühüm gözləntilərlə səciyyələnir
Azərbaycan 2022-2030-cu illəri əhatə edəcək yeni strateji inkişaf mərhələsinə daxil olub. Ölkənin ərazi bütövlüyünun təmin edilməsi ilə səciyyələnən bu dövrdə qarşıda iqtisadi artımın daha dayanıqlı rayderlərlə hərəkətə gətirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin innovasiya yönümlülüyünün, maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və azad edilmiş ərazilərin inteqrasiyası kimi yeni vəzifələr durur. Cəmiyyətin rifahı, ölkə iqtisadiyyatının qlobal dəyər yaratma zəncirinə inteqrasiyası, innovativ istiqamətin və milli iqtisadiyyatın maliyyə dayanıqlılığının gücləndirilməsi mühüm məqsədlərdəndir.
Bu məqsədlərin reallaşması isə qüdrətli dövlət naminə həyata keçirilmiş islahatların parlaq nəticələri və yüksək sosial rifahı təmin edən dayanıqlı iqtisadiyyatla xarakterizə olunacaq.