MDB dövlətləri Vergi (maliyyə) tədqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurasının iclası keçirilib
Belarusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Vergi (maliyyə) tədqiqatları orqanları rəhbərlərinin Koordinasiya şurasının (KSONR) XXI iclası keçirilib.
İclasda Azərbaycan, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan, Özbəkistanın vergi və maliyyə tədqiqat orqanlarının nümayəndələri iştirak ediblər. Tədbirə MDB İcraiyyə Komitəsinin sədr müavini Beketcan Jumaxanov rəhbərlik edib.
Koordinasiya Şurasının iclasında bildirilib ki, MDB-də iqtisadi təhlükəsizliyin təmin edilməsində aparıcı rol Vergi (maliyyə) Təhqiqat Orqanları Rəhbərləri Şurasına məxsusdur. Qeyd olunub ki, Şuranın fəaliyyəti dinamikdir, o, maliyyə sektorunda baş verən hüquqpozmalara və transmilli iqtisadi cinayətlərin təzahürlərinə operativ reaksiya verməyə imkan yaradır. Şura iqtisadi sahədə mövcud əməliyyat vəziyyətini obyektiv qiymətləndirməyə, əməkdaşlığın hüquqi bazasını təkmilləşdirməyə, tərəfdaşlığın müasir formalarını praktikaya tətbiq etməyə və beynəlxalq cinayətlərə qarşı birgə mübarizə aparmağa xidmət edir.
MDB İcraiyyə Komitəsinin sədr müavini vergi təhqiqat orqanları arasında əməkdaşlığın əlaqələndirilməsi səviyyəsinin yüksəldilməsi, analitik işin təkmilləşdirilməsi, məlumat və praktiki təcrübə mübadiləsinin aparılmasının son dərəcə vacib olduğunu vurğulayıb.
İclasda MDB ölkələrinin vergi (maliyyə) təhqiqat orqanlarının öz ölkələrinin iqtisadi təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyəti, cinayətkarlıqla mübarizə üzrə beynəlxalq proqramların həyata keçirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi Cavanşir Nuriyev təmsil edib. İclasda çıxış edən C.Nuriyev Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin (VCİABİ) fəaliyyəti barədə məlumat verib, qurumun vergi sahəsində cinayətlərin ibtidai araşdırılması və əməliyyat-axtarış tədbirlərini həyata keçirən struktur olduğunu bildirib. Qeyd olunub ki, VCİABİ vergi ödəməkdən yayınma və vergi orqanlarının səlahiyyətlərinə aid edilmiş digər cinayətlər üzrə yoxlama, təhqiqat və istintaq aparır, əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, bu sahədə digər hüquq-mühafizə orqanları, o cümlədən, xarici dövlətlərin hüquq-mühafizə qurumları ilə müəyyən edilmiş qaydada tədbirlər görür. Bununla yanaşı, VCİABİ Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən Azərbaycana münasibətdə həyata keçirilməsi planlaşdırılan 5-ci raund qiymətləndirilmə prosesinə mövcud məlumatların təqdim olunması, o cümlədən, PL/TMM sahəsində qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərir.
Sonra, iclasda MDB-yə üzv dövlətlərin vergi (maliyyə) təhqiqat orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib. Belarus Dövlət Nəzarəti Komitəsi sədrinin müavini, Maliyyə Təhqiqatları Departamentinin direktoru İqor Marşalov Şuranın sədri seçilib, Koordinasiya Şurasının Katibliyinin funksiyaları isə Belarus Dövlət Nəzarət Komitəsinin Maliyyə araşdırmaları departamentinə verilib.
Tədbir iştirakçıları həmçinin vergi cinayətləri ilə mübarizə, ekstremizmin maliyyələşdirilməsinə, qlobal internet və rəqəmsal ödəniş vasitələrindən istifadə etməklə törədilən iqtisadi və korrupsiya cinayətlərinə qarşı mübarizənin aktual məsələlərinə baxıb, iqtisadi cinayətlərin törədilməsinin yeni sxemlərinin müəyyənləşdirilməsi istiqamətində təcrübə mübadiləsi aparıblar.