Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Özbəkistanla yeni birgə layihələr tərəfdaşlığımızı gücləndirəcək

Özbəkistanda səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan mədəniyyət mərkəzini və Heydər Əliyev meydanını ziyarət edib, ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayev arasında görüş keçirilib.

Mikayıl Cabbarov dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiklərini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin 21-22 iyun tarixlərində Özbəkistana rəsmi səfərinin əlaqələrin daha da genişlənməsində mühüm rolunu vurğulayıb. Səfər zamanı əməkdaşlığın bir çox sahələrini əhatə edən sənədlərin imzalandığını diqqətə çatdıran iqtisadiyyat naziri əldə olunan razılaşmaların, yeni layihələrin münasibətləri strateji tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəsinə yüksəldəcəyinə əminliyini ifadə edib.

Görüşdə iqtisadi əlaqələrin inkişafı barədə məlumat verilib, ticarət dövriyyəsinin artdığı, bununla belə, əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğu bildirilib. Qeyd edilib ki, uğurla inkişaf edən iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya əlverişli platformadır.

Tədbirdə Özbəkistanla sənaye sahələri üzrə əməkdaşlığın inkişafı, neft-qaz, neft-kimya, əczaçılıq, tikinti materialları, tekstil və qida məhsulları, zərgərlik məmulatları istehsalı, şərabçılıq və digər sahələrdə yeni layihələrin həyata keçirilməsinin qarşılıqlı investisiyaların artmasına və ölkələrimizin iqtisadiyyatının inkişafına töhfə verəcəyi bildirilib.

İqtisadiyyat naziri ticarət, investisiya, sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı və s. sahələrdə əlaqələrin gücləndirilməsi imkanlarını qeyd edib, Özbəkistan iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidənqurulması layihələrində iştiraka dəvət edib.

Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayev ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, qarşılıqlı səfərlərin, aparılan müzakirələrin regional əməkdaşlığın inkişafında və yeni biznes əlaqələrinin qurulmasında rolunu qeyd edib. Özbəkistan şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirən Cəmşid Xocayev biznes dairələri arasında əlaqələrin genişləndirilməsinin, müxtəlif sahələrdə yeni birgə layihələrin icrasının önəmini diqqətə çatdırıb.

Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, investisiya qoyuluşlarının və ticarət dövriyyəsinin artırılması, sənaye sahələri üzrə əməkdaşlığın genişləndirilməsi, birgə investisiya fondunun yaradılması, eləcə də Daşkənddə Azərbaycan və Özbəkistan regionları arasında birinci forumun və yerli məhsulların nümayiş etdiriləcəyi sərginin təşkili barədə fikir mübadiləsi aparıblar.

Daşkənddə fəaliyyət göstərən “Global textile” müəssisəsində olan Azərbaycan nümayəndə heyəti “Uztekstilprom” Assosiasiyasının sədri İlxom Haydarovla və “Uzbekipaksanoat” Assosiasiyasının sədri Bahrom Şaripovla görüşüb.

Tərəflər Azərbaycan və Özbəkistan arasında tekstil sektorunda işgüzar dialoqun və investorlar arasında əlaqələrin gücləndirilməsinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcəyini qeyd edib, tekstil sənayesində əlaqələrin inkişafı, rəqabətqabiliyyətli təbii ipək məhsullarının istehsalı və satışının genişləndirilməsi üzrə əməkdaşlıq, təcrübə mübadiləsi barədə müzakirələr aparıblar.