Alüminium məhsulları istehsalı müəssisəsinin yaradılmasına dair müqavilə imzalanıb
“Azərbaycan Sənaye Korporasiyası” ASC, “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Alpha GmbH” şirkəti arasında birgə müəssisənin təsis və idarə edilməsinə dair müqavilə imzalanıb.
Bununla əlaqədar keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti, Milli Prioritetlər barədə məlumat verib. Qeyd edilib ki, Milli Prioritetlərə əsaslanan yeni inkişaf strategiyası iqtisadiyyatda bir sıra keyfiyyət dəyişikliklərini, iqtisadiyyatın şaxələndirilməsini, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsini, dövlət layihələrinin icra olunmasında özəl sektorun fəal iştirakını, insan kapitalının davamlı inkişafını, rəqəmsal iqtisadiyyatın formalaşmasını və innovasiyaların geniş tətbiqini nəzərdə tutur. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaları cəlb etməklə daxili istehsalın rəqabət qabiliyyətinin, yerli məhsullarla özünütəminetmə səviyyəsinin yüksəldilməsi, ixracın və məşğulluq səviyyəsinin artırılması sənaye siyasətinin əsas prioritetləri hesab olunur. Sənayeləşmə tədbirləri çərçivəsində ölkədə sənayenin diversifikasiyası genişləndirilib, müasir texnologiyalara əsaslanan müəssisələr yaradılıb. Görülən işlərin nəticəsi olaraq, bu ilin ilk 5 ayında ümumi sənaye istehsalı 3,3 faiz, qeyri-neft sənayesi 14,3 faiz artıb. Qeyri-neft sənaye ixracında isə 47,9% artım qeydə alınıb. Ölkəyə qabaqcıl texnologiyaların, avadanlıqların gətirilməsi, texnoloji strukturun yenilənməsi, sənaye istehsalının artırılması baxımından xarici investisiyalar əhəmiyyətli rola malikdir. Bu baxımdan dünyanın inkişaf etmiş ölkələrindən Azərbaycan sənayesinə xarici investisiya qoyuluşunun artırılması istiqamətində həyata keçirilən tədbirlər xüsusilə önəmlidir. Gəncədə həyata keçirilməsi planlaşdırılan yeni alüminium zavodu layihəsi də bu potensialın reallaşdırılması istiqamətində mühüm addımlardandır. Layihənin icrası nəticəsində Avropa və ABŞ bazarlarına rəqabətədavamlı alüminium məhsullarının ixracına şərait yaranacaqdır.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə və “Achenbach Buschhütten GmbH” şirkətinin prezidenti və baş icraçı direktoru Andre Barten layihə barədə məlumat veriblər. Bildirilib ki, həyata keçiriləcək layihə çərçivəsində illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı nəzərdə tutulur. Bu layihənin xammal bazasının 55 min tonu Gəncədə hazırda istehsal olunan ilkin alüminiumdan və yeni qurulacaq təkrar emal istehsal xəttindən əldə ediləcək. Qalan 50 min ton alüminium isə qurulması planlaşdırılan ilkin alüminium istehsalı hesabına təmin ediləcək. Layihənin ümumi investisiya məbləği 451,2 milyon ABŞ dolları, birinci mərhələdə investisiya məbləği isə 132 milyon ABŞ dolları təşkil edir. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. 1-ci mərhələdə daha az elektrik tələb edən təkrar emal sahəsi və müvafiq avadanlıqların qurulması, 2-ci mərhələdə isə elektroliz zavodunun tikintisi və istiyayma prosesinin təşkili nəzərdə tutulur.