Azərbaycan və Hindistan arasında vergi sahəsində Saziş layihəsi üzrə danışıqlar aparılıb
Azərbaycan və Hindistan arasında gəlirlərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsinin açıq qalan maddələri üzrə danışıqlar aparılıb.
Azərbaycan tərəfindən danışıqlarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəis müavini Ceyhun İsmayılov, Beynəlxalq vergitutma şöbəsinin rəisi Elkin Məmmədov və digər səlahiyyətli nümayəndələr iştirak ediblər. Hindistan tərəfindən öz növbəsində, Maliyyə Nazirliyinin səlahiyyətli şəxsləri və Hindistanın Azərbaycanda yerləşən səfirliyinin nümayəndəsi danışıqlara qatılıb.
Müzakirələrdə saziş layihəsinin açıq qalan “Preambula”, “Dividendlər” “Üstünlüklərin məhdudlaşdırılması” və Sazişin Protokol hissələri ilə bağlı məsələlər, həmçinin təcrübədə belə növ sazişlərin tətbiqi ilə bağlı yaranan çətinliklər müzakirə edilib. Bildirilib ki, Sazişin imzalanacağı təqdirdə, hər iki ölkənin sərmayəçilərinə əlverişli şərait yaranacaq, sənəd məlumat mübadiləsi və vergi borclarının yığılmasına effektiv münasibətin formalaşması üçün mühüm əhəmiyyət kəsb edəcək.
Müzakirələr qarşılıqlı anlaşılma mühitində keçib. Üç gün davam edən müzakirələrin nəticəsi olaraq Saziş layihəsinin vergitutma ilə bağlı açıq qalan bütün müddəaları üzrə razılıq əldə olunub.