«Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
- «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
- həmin Qanunun 23-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş özəl sosial sığorta təşkilatlarının fəaliyyəti üçün lisenziyanı verən müvafiq icra hakimiyyəti orqanı barədə təklifini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
- öz səlahiyyətləri daxilində «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
- «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ikinci və dördüncü hissələrində, 18-ci maddəsində, 20-ci maddəsinin ikinci hissəsində, 21-ci maddəsində, 23-cü maddəsinin birinci hissəsində, 24-cü maddəsində və 28-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir;
- həmin Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
- həmin Qanunun 13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.
- həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin səkkizinci abzasında nəzərdə tutulmuş Azərbaycan Respublikası üzrə «ötən rübün orta aylıq əmək haqqının» məbləği rübdə bir dəfə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən elan edilir.
3. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, bir ay müddətində:
- «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
- Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq edilmək üçün Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 7 aperl 1997-ci il.
№– 568.
«Azərbaycan» qəzetində dərc edilmişdir (10 aprel 1997-ci il, №– 68) .
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, №– 5, maddə 349).
3 iyul 2006-cı il tarixli, 423 nömrəli; 14 dekabr 2007-ci il tarixli, 676 nömrəli; 31 avqust 2009-cu il tarixli, 154 nömrəli Fərmanlara əsasən dəyişikliklərlə