Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Vergi qanunvericiliyinə və dövlət qiymət intizamına əməl edilməsi üzərində nəzarət sisteminin daha da təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Baş Dövlət Vergi İnspeksiyasından, Naxçıvan Muxtar Respublikası, Dağlıq Qarabağ Muxtar Vilayəti, rayonlar, şəhərlər və şəhərdə rayonlar üzrə yuxarı inspeksiyalara tabe olan dövlət vergi inspeksiyalarından ibarət Azərbaycan Respublikası Dövlət Vergi Xidməti yaradılsın.

2. Vergilər və büdcəyə digər icbari ödənişlər haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət sahəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin funksiyaları Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin orqanlarına həvalə edilsin.

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Vergi Xidməti orqanlarının əsas vəzifəsi aşağıdakılara nəzarət etməkdən ibarətdir:

  • vergi qanunvericiliyinə əməl edilməsinə, habelə vergilərin və digər icbari ödənişlərin düzgün hesablanmasının, büdcəyə tam həcmdə və vaxtında keçirilməsinin təmin edilməsinə;
  • dövlət qiymətlərinin və tariflərinin tətbiq olunmasının düzgünlüyünə.

4. Eldar Ocaxqulu oğlu Şahbazov Azərbaycan Respublikası Baş Dövlət Vergi İnspeksiyasının rəisi təyin edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

«Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti haqqında» Azərbaycan Respublikası Qanununun layihəsini iki ay ərzində hazırlayıb müzakirəyə versin;

Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin fəaliyyətinə aid məsələlər barəsində qərarlar qəbul etsin;

iki ay ərzində Azərbaycan Respublikası Baş Dövlət Vergi İnspeksiyası haqqında Əsasnaməni təsdiq etsin.

Azərbaycan Respublikasının Prezidenti
A.MÜTƏLLİBOV

Bakı şəhəri, 14 oktyabr 1991-ci il
№– 369

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (30 oktyabr 1991-ci il, №– 19-20 (848-849), maddə 356).