Özbəkistanla iqtisadi əlaqələrimiz genişlənir
Özbəkistanın paytaxtı Daşkənddə iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov arasında görüş keçirilib.
Tərəflər Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların əlaqələrin inkişafında mühüm önəmini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üzrə Tədbirlər Planının uğurlu icrası ikitərəfli əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir.
Görüşdə işgüzar görüşlərin, aparılan müzakirələrin, biznes forumların əlaqələrin inkişafında rolu qeyd edilib, sənaye, energetika, kənd təsərrüfatı, investisiya, kiçik və orta biznes, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.