BMT ilə səmərəli əməkdaşlıq vurğulanıb, müzakirələr aparılıb
İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Cenevrədəki Bölməsinin Baş direktoru xanım Tatyana Valovaya ilə görüşüb.
Görüşdə bildirilib ki, BMT və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb və hazırda icrası uğurla davam etdirilir.
İqtisadiyyat naziri Azərbaycanın DİM-lər üzrə öhdəliklərinin həyata keçirilməsinin dövlət siyasətinin tərkib hissələrindən olduğunu, ölkədə sosial-iqtisadi, ətraf mühit sahələrini əhatə edən dövlət proqramlarının, strategiyaların, tədbirlər planlarının DİM-lərin məqsəd və hədəflərinə uyğunlaşdırıldığını qeyd edib. Nazir iqtisadi sahədə gündəlikdə duran məsələlərdən olan “yaşıl” enerji və rəqəmsallaşmanın əhəmiyyətini, bu məsələlərin Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərində əks olunduğunu vurğulaıb.
BMT-nin Cenevrədəki Bölməsinin Baş direktoru xanım Tatyana Valovaya Azərbaycan Hökumətinə COVID-19 pandemiyasına qarşı nümayiş etdirdiyi həmrəyliyə, eləcə də DİM-lərə nail olunması məqsədilə həyata keçirilən fəaliyyətə və əməkdaşlığa görə təşəkkür edib. Xanım Tatyana Valovaya BMT-nin Cenevrə Bölməsinin DİM-lər sahəsində geniş təcrübəyə malik olduğunu, qurumun İqtisadiyyat Nazirliyinə bu sahədə həm müxtəlif nəşrlərlə, həm də təcrübə mübadiləsi vasitəsilə dəstək olmağa hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, Dördüncü Sənaye İnqilabı sahəsində əməkdaşlıq, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb.