Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində seminar keçirilib
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin dəvəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən həmin qurumda maarifləndirici seminar təşkil olunub. Tədbirdə Xidmətin və onun yerli qurumlarının əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini Fərrux Əkbərov muxtar respublikada vergi ödəyiciləri üçün əlverişli biznes mühitinin yaradıldığını, vergi daxilolmaları üzrə proqnozların artıqlaması ilə yerinə yetirildiyini bildirib. Vergi Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklər, vegitutma sahəsində beynəlxalq təcrübə, xidmətlərin elektronlaşdırılması və digər istiqamətlərdə məlumatlandırma və təcrübə mübadiləsinin zəruriliyi diqqətə çatdırılıb, bu baxımdan Tədris Mərkəzi tərəfindən keçirilən seminarın mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib, bu tədris ocağının dövlət vergi orqanlarında çalışan əməkdaşların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və müasir informasiya texnologiyalarından faydalanması üçün zəruri bilikləri mənimsəməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Bildirilib ki, Mərkəzdə təkcə vergi orqanlarında deyil, digər dövlət qurumları və təşkilatlarında çalışanlar, eləcə də müstəqil şəxslər üçün vergi işi üzrə əlavə təhsil imkanları, vergi sisteminə dair elmi tədqiqatların aparılması, tədris prosesində müasir təlim metodlarından və informasiya texnologiyalarından istifadə ilə bağlı hərtərəfli şərait mövcuddur.
Seminar çərçivəsində Tədris Mərkəzinin əməkdaşları “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin həyata keçirilməsi prosedurları”, “Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklər” mövzularında təqdimatlarla çıxış ediblər. Qeyd olunan mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.