Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

2022-ci ilin yanvar-may aylarında vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard manata yaxın artıb

Vergi daxilolmaları

2022-ci ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 803 milyon 736,4 min manat vergi daxil olub, proqnoza 149,3 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 52,3 faiz və ya təxminən 2 milyard manata yaxın (1 milyard 993 milyon 93,7 min manat) artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 906 milyon 523,9 min manat olub, proqnoza 130,3 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 909,5 milyon manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 41,8 faiz və ya 1 milyard 152,5 milyon manat artıb.

Regionlar üzrə daxilolmalar 476,5 milyon manat olmaqla, proqnoz 114,0 faiz icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 22,4 faiz artıb.

Ödənilən vergilərin 67,3 faizi qeyri-neft-qaz sektorunun, 32,7 faizi isə neft-qaz sektorunun payına düşüb. 

Sosial sığorta ödəmələri

2022-ci ilin yanvar-may aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 815 milyon 822,4 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz və ya 285 milyon 131,9 min manat artıb, daxilolmalar üzrə proqnoz 157 milyon 656,6 min manat artıq icra edilib. 

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artaraq 1 milyard 155 milyon 568,6 min manat təşkil edib, proqnoz 119,7 faiz icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz artaraq 62 milyon 641,7 min manat olub, proqnoz 115,1 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 20,5 faiz artaraq 46,2 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 125,6 faiz icra olunub.

Əmək müqavilələrinin sayı

3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 297,3 min vahid artıb və bu il iyun ayının 1-nə 1 milyon 699,3 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 250,1 min vahid artaraq 790,0 min olub.

Qeydiyyata alınmış vergi ödəyiciləri

2022-ci il iyun ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,9 faiz artaraq 684.699 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5,7 faiz artıb və 36.666 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 1,3 faiz artaraq 185.736-a çatıb.

Onlayn nəzarət-kassa aparatlarının tətbiqi

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 62.747 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-may aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8 milyard 405 milyon 425,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,1 faiz çoxdur.