Daxili nəzarətin təşkili sahəsində bir sıra normativ sənədlərin təsdiq edilməsi barədə
Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi” təsdiq edilmiş və Dövlət Vergi Xidmətinin statusu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən daxili nəzarətin təşkili sahəsində bir sıra normativ sənədlərin yenidən təsdiq edilməsinə zərurət yaranmışdır.
Göstərilənlərə əsasən və “İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidmətlərinin fəaliyyəti ilə bağlı bəzi hüquqi məsələlər haqqında” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 2020-ci il 11 iyun tarixli F-64 nömrəli əmrinin 1-ci hissəsini, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 5.5.1-ci və 5.5.9-cu yarımbəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM
1. Daxili nəzarətin təşkili sahəsində aşağıdakı normativ sənədlər təsdiq edilsin:
1.1. “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində daxili nəzarət prosedurları” (əlavə olunur);
1.2. “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində daxili nəzarət sisteminin təşkili Qaydaları” (əlavə olunur);
1.3. “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində daxili xidməti intizam Qaydaları” (əlavə olunur);
1.4. “Dövlət vergi orqanları əməkdaşlarının geyim daşıma Qaydaları” (əlavə olunur).
2. Aşağıdakı normativ sənədlər ləğv edilsin:
2.1. Vergilər Nazirliyinin 03.10.2013-cü il tarixli 1317040101127400 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər Nazirliyinin Daxili Nəzarət Prosedurları”;
2.2. Vergilər Nazirliyinin 07.03.2014-cü il tarixli 1417040100302200 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında daxili nəzarət sisteminin təşkili Qaydaları”;
2.3. Vergilər Nazirliyinin 04.07.2006-cı il tarixli 0617040100737600 nömrəli əmrinin 1-ci hissəsi ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”;
2.4. Vergilər Nazirliyinin 02.10.2015-ci il tarixli 1517040101486000 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarının vəzifəli şəxslərinin geyim daşıma Qaydaları”.
3. Dövlət Vergi Xidmətinin Aparatının Daxili təhlükəsizlik baş idarəsinə tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş normativ sənədlərin tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsin.
4. Dövlət Vergi Xidmətinin Aparatının Media və kommunikasiya idarəsinə tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş normativ sənədlərin Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
5. Dövlət Vergi Xidmətinin Aparatının Maliyyə baş idarəsinə tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş normativ sənədlərin kitabça şəklində ilkin olaraq hər biri üzrə 50 nüsxədə çap olunmasını təmin etsin.
6. Dövlət Vergi Xidmətinin Aparatının Rəqəmsal vergi inzibatçılığı baş idarəsinə tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş normativ sənədlərin tələblərindən irəli gələn aidiyyəti tədbirlərin görülməsini təmin etsin.
7. Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinə tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş normativ sənədlərin müvafiq ixtisasartırma kurslarının tədris proqramına daxil edilməsini və tədris olunmasını təmin etsin.
8. Dövlət Vergi Xidmətinin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumun rəhbərlərinə tapşırılsın ki, rəhbərlik etdikləri strukturların əməkdaşları tərəfindən bu əmrlə təsdiq edilmiş normativ sənədlərin tələblərinə ciddi əməl olunmasını təmin etsinlər.
9. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Orxan Nəzərli
Dövlət Vergi Xidmətinin rəisi,
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri