Dövlət Vergi Xidməti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq genişləndirilir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlığa dair Tədbirlər Planına uyğun olaraq, iki qurum arasında əlaqələrin gücləndirilməsi məqsədi ilə DVX-nin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova və Xidmətin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımovun Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ilə görüşü keçirilib.
Görüşdə dövlət vergi orqanlarının gələcək kadr potensialının formalaşmasında BDU-nun imkanları, bu məqsədlə BDU-da vergi hüququ ixtisası üzrə magistratura təhsilinin verilməsi, hüquq, tətbiqi riyaziyyat və kibernetika və digər müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin sırasından şəffaf prosedurlar əsasında karyera yolunu dövlət vergi orqanlarına bağlamaq arzusunda olanların müəyyn edilməsi, onların DVX-nin Tədris Mərkəzində yay məktəblərinə cəlb edilmələri, eyni zamanda, BDU-da vergi hüququ, vergi mübahisələri üzrə məsləhətlərin verilməsi (vergi vəkilliyi), iqtisadi ekspertizalar və s. istiqamətlər üzrə fəaliyyət göstərən Mərkəzin yaradılması məsələləri müzakirə olunub.