Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Elçin Ağakişiyev: “Vergi ödəyicisi ilə təmasda dörd hədəfə üstünlük veririk”

Fevralın 25-də “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilmiş Vergi Forumunda həyata keçiriləcək islahatlar, elektronlaşan xidmətlər və sahibkarların rahatlığı üçün atılacaq addımlar müzakirə olunub, yeniliklər açıqlanıb, o cümlədən sahibkarları maraqlandıran məqamlara aydınlıq gətirilib. Forum iştirakçılarından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli gəlirlər Baş idarəsinin rəisi Elçin Ağakişiyev ATV-də yayımlanan “İqtisadi zona” proqramının qonağı olub, pospandemiya dövrünün vergi öhdəlikləri ilə bağlı sualları cavablandırıb.

- Elçin müəllim, Forumun iki əsas istiqamətindən biri könüllü əməletmə səviyyəsi ilə bağlı idi. Maraqlıdır ki, rəqəmsallaşmaya doğru gedən vergi sistemində bu gün vergi ödəyicilərinin könüllü əməletmə səviyyəsi hansı dərəcədədir?

- Bu suala cavab verməzdən əvvəl “vergi ödəyicisi səyahəti” anlayışını təqdim etmək istəyirəm. Çünki vergi ödəyicisi sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan öncə götür-qoy edir, biznes konsultantlardan məsləhət alır və ya vergi orqanının mövcud xidmətlərinə müraciət etdikdən sonra hansısa hüquqi təşkilat forması üzrə qərar verir və qeydiyyatdan keçir. Bu, ilk mərhələdir. Qeydiyyatdan keçəndən sonra qanunla müəyyən edilmiş və onun fəaliyyət sahəsini tənzimləyən qanunvericilik çərçivəsində öhdəlikləri ortaya çıxır. “Səyahətin” növbəti mərhələsi bəyannamədir. Bəyannamə təqdim edildikdən sonra müəyyən inteqrasiya olunmuş üçüncü tərəf məlumatlar əsasında uyğunsuzluqlar ya çıxa, ya da çıxmaya bilər ki, onların da əsasında kameral vergi yoxlaması keçirilə bilir. Proses zamanı mütəmadi olaraq hər hansı bir vaxt keçdikdən sonra risklər ortaya çıxdıqda səyyar vergi yoxlaması keçirilir və nəticə etibarilə bu tsiklin sonunda vergi ödəyicisinin ya fəaliyyəti dayandırılır, ya da VÖEN-i ləğv edilir. Yəni bu tam olaraq vergi ödəyicisinin bütün “ömür” tsiklini əks etdirən “səyahət xəritəsi”dir. Bu “səyahət” zamanı vergi ödəyicisi ilə vergi orqanı arasında qeydiyyatdan başlayaraq VÖEN-in ləğvinə qədər təmas yaranır. Təmas zamanı könüllü bəyanetmənin, kommunikasiyanın vacibliyini hər zaman ali məqsəd kimi vergi ödəyicilərinə bildiririk.

- Könüllü bəyanetmə nədir?

- Vergi ödəyicisi tərəfindən öz öhdəliklərinin bəyan edilməsi könüllü bəyanetmə anlayışına gətirib çıxarır. Lakin rəqəmlərə baxdıqda görürük ki, konkret olaraq 2021-ci ildə 2020-ci ilə nisbətən bəyan edilən dövriyyələr 20 faizədək artıb. Milli Gəlirlər Baş İdarəsinin göstəricilərinə görə:

  • dövriyyə 2020-ci il ilə müqayisədə 2021-ci ildə 17,68 faiz artıb;
  • vergi hesablamaları müvafiq dövrlə müqayisədə 24,06 faiz artıb;
  • Vergi hesablamalarının dövriyyədə xüsusi çəkisi 7,92 faizdən 8,35 faizə qalxıb;
  • Vergi yoxlamalarının (kameral və səyyar vergi yoxlamaları) ümumi vergi hesablamalarında payı 2020-ci ildə 8,67 faizdən 2021-ci ildə 6,62 faizə düşüb, yəni 2,05 faiz azalıb. Bu isə könüllü bəyanetmə dərəcəsinin artmasının nəticəsidir.

Milli Gəlirlər Baş İdarəsində qeydiyyatda olan vergi ödəyicisi tərəfindən bəyan olunmuş dövriyyələrdə artım var ki, bu da könüllü bəyanetmənin əyani sübutudur. İkinci meyar vergi ödəyicisinin hesabladığı və ödədiyi vergilərin ümumi dövriyyələrinin içində xüsusi çəkisidir ki, 2021-ci ildə 2020-ci ilə nisbətən bu rəqəmlər həm hesablamalar, həm də ödənişlərdə müvafiq qaydada artıb. Üçüncü - könüllü bəyanetməni əks etdirən məqam çox vacibdir. Deməli, nəzarət və yoxlama zamanı hesablanan vergilər (burda da söhbət kameral və səyyar vergi yoxlamaları zamanı aparılan hesablamalardan gedir), bu hesablamaların ümumi hesablamaların içində xüsusi çəkisinin azalması məsələsidir. Bu çox vacib meyardır.

Növbəti meyar. Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilən, o cümlədən də Milli Gəlirlər Baş İdarəsində qeydiyyatda olan vergi ödəyicilərində həyata keçirilən səyyar vergi yoxlamalarının ümumi sayının azalmasına və bu səyyar vergi yoxlamasının bir səyyar vergi yoxlamasına düşən hesablamanın mütləq rəqəminin artmasına baxmayaraq, səyyar vergi yoxlamalarının xüsusi çəkisi könüllü bəyan edilmiş məbləğlərin içində azalır. Bu da könüllü bəyanetmənin daha bir sübutu deməkdir.

- İri vergi ödəyiciləri ilə işləyirsiniz. Ümumiyyətlə, onlarla təmas necə qurulur və vergi yoxlamaları zamanı bu vergi ödəyicilərinə münasibətdə elektron auditdən istifadə necə təmin olunur?

- Elektron auditin istifadə olunması bir neçə meyardan asılıdır. Burada vergi ödəyicisinin sistemlərinin hazır olması, lazım olan məlumatların əks olunması və bu sistemlərə inteqrasiya olunması öndə gəlir. Səyyar və kameral vergi yoxlamaları zamanı vergi ödəyiciləri ilə təmas nöqtələri yaranır. Bu təmas nöqtələrində bizim dörd ən önəmli meyardan istifadə olunur. Bunlar - xidmətin mövcudluğu, xidmətin əlçatanlığı, xidmətlə əlaqə və əks-əlaqədir. Bunlar çox vacib məqamlardır. Çünki elektron sənədlərin olmasına baxmayaraq, hər hansı bir sual olduqda əlaqə və əks-əlaqə çox vacibdir. Milli Gəlirlər Baş İdarəsində nəzarət tədbirlərini keçirərkən biz hər zaman vergi ödəyiciləri ilə bu əlaqəni qurmağa çalışırıq.

- Bəs bu proseslər zamanı vergi orqanlarının qarşılaşdıqları çətinliklər hansılardır?

- Bunlar, əsasən, mühasibat uçotunun düzgün qurulmaması, ikili mühasibat uçotunun aparılması, ilkin (alt) sənədlərin uçotunun aparılmaması (təhvil-təslim aktları, Forma 2, malların qəbulu sənədlərinin olmaması), material silgisi uçotunun olmaması və ya düzgün aparılmaması, uzunmüddətli layihələr, işçilərlə əmək müqaviləsinin bağlanmaması və xidmət müqaviləsi əsasında muzdlu işçilərin cəlb olunması ilə bağlı olur.

Gəlin vergi sistemində, inzibatçılıqda mövcud olan boşluqlardan istifadə etmək istəyən vergi ödəyicilərini kənara qoyaq. Əslində Milli Gəlirlər Baş İdarəsinin qeydiyyatında olanların sırasında belələri azdır, demək olar ki, yoxdur. Amma doğru-dürüst uçot sistemi aparıb, bəyannaməsini düzgün verib, öhdəliklərini düzgün yerinə yetirmək istəyən vergi ödəyicilərinin bəzi hallarda sistemləri düzgün başa düşmədiyinə görə də müəyyən problemlərlə qarşılaşırıq. Bu problemlər nələrdir?

Bəzi ödəyicilər mühasibat uçotu sisteminin qurulmasını qaimələr, müqavilələr, təhvil-təslim aktları və ödəniş sənədlərinin olması ilə bitmiş hesab edirlər. Əslində, belə deyil. İstehsal sahələrində, böyük, iri infrastruktur layihələrində mühasibat uçotu sisteminin daha dərin təbəqələri olan daxili sənədlər var ki, onlar bəzi hallarda mövcud olmadığına görə biz məlumatı tam əldə edə bilmirik. Misal üçün, istehsaldan söhbət gedirsə, yarımçıq istehsal, bitməmiş iş, xammallar, böyük istehsal sahələrində bir sahədən digər sahələrə materialların, malların, bitmiş və bitməmiş istehsalın hərəkətinin əks etdirilməsi, iri, uzunmüddətli layihələrdə işin görülməsinə uyğun olaraq təhvil-təslimin müvafiq vaxt üzrə düzgün və sənədlərlə göstərilməsi, öz sərəncamında olan hər hansı bir ehtiyatdan (bu karyera da, hər hansı bir təbii sərvətin mənbəyi də ola bilər) əldə olunan materialların istifadə olunması yenə də daxili sənədlərlə qeydiyyata alınmalıdır. Bu bizə gələcəkdə səyyar vergi yoxlamalarını keçirdiyimiz zaman daha dəqiq və daha rahat məlumatı əks etdirməyə kömək edəcək.

- İri vergi ödəyiciləri ilə yanaşı, hasilatın pay bölgüsü sazişinə cəlb olunan podratçı şirkətlərin fəaliyyətinə də nəzarət sizin rəhbərlik etdiyiniz idarə tərəfindən həyata keçirilir. Bu şirkətlərlə təmas necə qurulur və onlarda yoxlamalar necə həyata keçirilir?

- Əslində, nəzarət bizim funksiyamızın yalnız bir hissəsidir. Biz eyni zamanda həm qeydiyyat, həm də xidmət funksiyalarını həyata keçiririk. Bizim vergi ödəyicisi ilə təmasımız təkcə nəzarətdən ibarət deyil. Xüsusi rejimli vergi ödəyiciləri, bunların bəziləri maliyyə təchizatı, banklar ola bilər, bəziləri hasilatın pay bölgüsü sahəsində sazişlər əsasında fəaliyyət göstərən müəssisələr ola bilər – onların hamısı vergi ödəyicisidir, bizim üçün fərq etməz.

Biz hər zaman vergi ödəyicisi ilə təmasda dörd hədəfə üstünlük veririk. Daxilolma, vergi ödəyicisinin məmnuniyyəti, şəffaflıq və şübhəsiz ki, bunların hər üçünü həyata keçirmək üçün sağlam, dürüst kadrların olması. Biz rejimindən asılı olmayaraq vergi ödəyicilərinə xidmət göstərərək, onlarla təmas yaradaraq və ya nəzarət tədbirləri keçirərək bu dörd hədəfi qarşıya qoyuruq. Amma doğru dediniz ki, bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin digər pay bölgüsü sazişlərindən, qanuni aktlardan irəli gələn çərçivələri var ki, onların fəaliyyəti bu çərçivələr əsasında da tənzimlənir.