İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılıq qaydaları ilə bağlı təlim keçirilib
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 27 dekabr 2021-ci il tarixli 21 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın və müvafiq sənədlərin doldurulması qaydalarının təsdiq edilməsi haqqında” Qərarında müvafiq dəyişiklik edilib. Qərar və onun əlavələri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
İnzibatçılıq qaydalarına edilmiş əlavə və dəyişikliklər barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq strukturlarında çalışan əməkdaşların məlumatlandırılması məqsədilə Aparatın Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi tərəfindən təlim keçirilib. Təlim iştirakçılarına qaydalarına edilmiş əlavə və dəyişikliklər, həmin müddəaların təcrübədə tətbiqi ilə bağlı müvafiq izahatlar verilib. Beynəlxalq müqavilələrdən sui-istifadə hallarının qarşısının alınması, əvvəlcədən vergidən azadolmanın, yaxud məhdud vergitutmanın tətbiqi ilə bağlı prosedurun sadələşdirilməsi və faktiki sahibliyin müəyyən olunması şərtləri ilə bağlı yeni müddəaların qaydalara əlavə olunduğu iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin yekununda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.