Xarici nəzarət olunan müəssisələrin Azərbaycan Respublikasında vergiyə cəlb olunması ilə bağlı dəyişikliklər
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə çatdırmaqda davam edir. Məcəllədə edilmiş növbəti dəyişiklik xarici nəzarət olunan müəssisələrin Azərbaycan Respublikasında vergiyə cəlb olunması ilə bağlıdır.
Belə ki, vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab olunmayan, güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin mənfəəti Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxsin özü (və ya qarşılıqlı surətdə asılı olduğu rezident və ya qeyri-rezident şəxslə birlikdə) birbaşa və ya dolayısilə xarici müəssisədə 50 faizdən çox səsvermə hüququna və ya onun nizamnamə kapitalının 50 faizindən çoxuna və ya həmin xarici müəssisənin mənfəətinin 50 faizindən çox hissəsini əldə etmək hüququna sahibdirsə, Azərbaycan Respublikasında vergiyə cəlb olunması nəzərdə tutulur. Bu tələblər həmçinin nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, Vergi Məcəlləsinə uyğun olaraq həmin mənfəətdən ödənilməli mənfəət vergisindən 2 dəfə və ya daha çox aşağı olduğu və xarici müəssisənin illik gəlirlərinin 30 faizdən çox olan hissəsi Vergi Məcəlləsində nəzərdə tutulmuş əsas etibarilə passiv gəlirlərdən ibarət olduğu halda da keçərlidir.
Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, “xarici nəzarət olunan müəssisə” anlayışı üzrə vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab olunmayan, aşağı və ya güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin gəliri Azərbaycan Respublikasında vergiyə cəlb olunacaq. Burada əsas məqsəd rezidentlərin öz gəlirlərini aşağı və ya güzəştli vergi tutulan ölkələrə vergidən yayınmaqla transfer etməsinin qarşısını almaqdır.