Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dünya Bankının layihələri üzrə yarımillik hesabat iclası keçirilib

Dünya Bankının Qlobal Vergi proqramı (Global Tax Program) Donorlarının Rəhbər Komitəsinin yarımillik hesabat xarakteri daşıyan onlayn iclası keçirilib.

Proqram ölkələrə qlobal, regional və ölkə səviyyəsində sübut əsaslı, hərtərəfli və ardıcıl islahat proqramları vasitəsi ilə vergi sistemlərini gücləndirməyə kömək edir. İclasın gündəliyi proqram daxilində həyata keçirilmiş layihələrin cari vəziyyəti və görülmüş işlərin müzakirəsindən ibarət olub.

İclasda Azərbaycan, Tacikistan və Özbəkistanın nümayəndələri Dünya Bankı ilə layihələr əsasında uğurlu əməkdaşlıq təcrübələrini bölüşüblər.

Tədbirdə iştirak edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva 2018-ci ildən uğurla davam etdirilən və Dünya Bankı ilə birgə həyata keçirilən “Azərbaycanda vergi islahatları üzrə texniki yardım layihəsi” barədə məlumat verib, yerli inzibatçılığın cari vəziyyətinin qiymətləndirilməsində, Tədbirlər Planı və hesabatların hazırlanmasında xarici ekspertlərlə yanaşı, Dövlət Vergi Xidməti əməkdaşlarının iştirakının da səmərəli olduğunu qeyd edib.

Bildirilib ki, 2020-ci ilin may ayında yekunlaşdırılması nəzərdə tutulan layihənin müddəti qarşılıqlı razılaşma əsasında uzadılıb. Bunu yüksək qiymətləndirən S.Musayeva Dövlət Vergi Xidmətinin bu layihədən bəhrələndiyini, vergi islahatları vasitəsi ilə vergi inzibatçılığının daim təkmilləşdirildiyini diqqətə çatdırıb.

İclasda Dünya Bankının Qlobal Vergi proqramı Donorları, Dünya Bankının rəhbərliyi və icraçı həmkarlar qrupu, eyni zamanda texniki yardım layihələrinin həyata keçirilməsində iştirak edən Əməliyyat komandası iştirak edib. Tədbirə həmçinin Beynəlxalq Valyuta Fondu və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri qatılıb.