Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Şənlik mərasimlərində monitorinqlər zamanı aşkar edilən nöqsanların sayı azalır

Məlum olduğu kimi, pandemiya dövrünün tələblərinə, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssislərindən ibarət monitorinq qrupları tərəfindən Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında şənlik mərasimləri təşkil edilən obyektlərdə 5 iyul 2021-ci il tarixdən nəzarət tədbirləri keçirilir.

Təhlillər göstərir ki, əksər şadlıq evlərində karantin qayda və tələblərinə əməl olunur, xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olmayanların sayı sürətlə azalır, aparılan maarifləndirmə tədbirləri nəticəsində şənlik mərasimlərinin qaydalar çərçivəsində təşkili səviyyəsi artır.

Dövlət Vergi Xidməti tərəfindən 5 iyul - 30 dekabr 2021-ci il tarixləri ərzində həyata keçirilmiş monitorinqlərin nəticələri üzrə məlumata əsasən, hesabat dövrü ərzində icazələr üzrə portala 48.951 toy mərasimi, 6.143.569 nəfər isə qonaq sayı (orta hesabla bir toya 125 nəfər) daxil edilib.

Nəzarət məqsədilə seçilmiş şənlik mərasimlərinin sayı 7.445 olub, mərasimlərdə qonaq qismində iştirak edənlərin sayı isə 1.001.511 nəfər təşkil edib. Nəzarət tədbirləri zamanı, şənlik mərasimlərinə gələn qonaqlardan 890.222 nəfərinin və ya 88,9%-nin COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədləri yoxlanılıb, onlardan 4,7%-də nöqsanlar aşkar edilib.

Şənlik mərasimi keçirilmiş məkanın və ya müəssisənin 95.554 nəfər işçisinin də COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədləri yoxlanılıb, onlardan 1,6%-də nöqsanlar aşkarlanıb.

Aşkar edilmiş nöqsanlar barədə şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin, şənlik mərasiminin sahiblərinə, eyni zamanda aidiyyəti tədbir görülməsi üçün DİN və AQTA nümayəndələrinə məlumat verilib.

Başlıca nöqsanlara tədbirlərdə iştirak edən qonaq sayının, şadlıq evində xidmət göstərən işçi sayının portala daxil edilən işçi sayından çox olması, toy sahibinin portala daxil edilən işçi sayından əlavə işçi cəlb etməsi, qonaq sayının az göstərilməsi məqsədilə toy sahibi tərəfindən eyni toya aid qonaqların 2 və daha artıq zal üzrə bölüşdürülməsi halları aiddir. Bundan başqa, şənlik məclisləri barədə məlumatın müvafiq portalda əvvəlcədən (tədbirə 5 gün qalmış) qeydiyyata alınmaması, toy keçirilən məkanlarda qonaqların sayının icazə  verilən normadan artıq olması, zallardakı stolların sıx düzülüşü və s. də rast gəlinən qayda pozuntuları sırasındadır.

Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbətlər apararaq həll edilə bilən nöqsanları yerində aradan qaldırıbar.

Məkan və toy sahiblərinin nəzərinə bir daha çatdırılır ki, tədbirlərin təşkili zamanı karantin rejiminin qayda və tələblərinə ciddi əməl etsinlər və xidmət personalının vaksinləşməsinə xüsusi diqqət yetirsinlər. Unutmayaq ki, pandemiya hələ bitməyib.

Operativ Qərargahın qayda və tələblərinin pozulması halları aşkarlanarsa, həm toyun, həm də obyektin sahibinə qarşı qanunvericiliyə uyğun inzibati cəza tədbirləri görüləcək. Bu cür halların baş verməməsi üçün məclis iştirakçılarının vaksin pasportlarına və ya imunitet sertifikatına malik olması vacib şərtdir. Bu, hamımızın sağlamlığı üçün zəruridir.