Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyicilərinin siyahıya alınmış əmlakının satışı vergi orqanları tərəfindən həyata keçiriləcək

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti Vergi Məcəlləsində dəyişikliklərlə bağlı qanunu təsdiq edilib. Əlavə və dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu dəyişiklikləri və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə təqdim edir.

Qanunvericiliyə edilmiş dəyişikliklərdən biri də vergi borcu ilə bağlı vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışının daha səmərəli təşkili ilə bağlıdır. Dəyişikliyə əsasən, vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan çox olan daşınar əmlakının müvafiq qurum vasitəsilə, dəyəri 5.000 manatdan çox olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırılması və məhkəmə qərarları üzrə həmin əmlakların satışının qanunvericiliyə uyğun olaraq təşkili vergi orqanlarının hüquqlarına aid edilib.

Mövcud təcrübədə borclu vergi ödəyicilərinin siyahıya alınmış əmlakının satışı icra məmurları tərəfindən təşkil edilir. Dövlətin fiskal siyasətini həyata keçirən qurum kimi borcların ödənilməsi vergi orqanları üçün prioritet məsələdir. Qeyd edilməlidir ki, ödənilməyən borclar dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında nəzərə alınır. Bu baxımdan vergi borcu ilə bağlı siyahıya alınmış əmlakın satışının daha səmərəli təşkilinə zərurət yaranıb. Həmin səbəbdən daşınar və daşınmaz əmlakların satılması barədə məhkəmə qərarları üzrə həmin əmlakların satışının təşkili vergi orqanlarının səlahiyyətlərinə aid edilir. Eyni zamanda, dəyəri 5.000 manatdan çox olmayan əmlaklar əksər hallarda ərzaq (qida) və tez köhnələn məhsullardır. Bu zaman satışın daha çevik təşkili məqsədilə vergi orqanları tərəfindən ticarət şəbəkələri ilə müvafiq müqavilə bağlanılaraq həmin məhsulların operativ şəkildə satılması və borcun ödənilməsi təmin ediləcək.

Qeyd olunan dəyişikliklər vergi borclarının yığılmasının effektivliyinin artırılmasına və nəzarət mexanizmlərinin gücləndirilməsinə xidmət edir.