“Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda Konfrans keçirilib
Fevralın 13-də Vergilər Nazirliyi "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda Konfrans keçirib. Konfransda Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının, beynəlxalq təşkilatların, yerli bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak ediblər.
Konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, millət vəkili Vahid Əhmədov, UNEC-in rektoru Ədalət Muradov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının sədri Məmməd Musayev, "Deloitte" şirkətinin nümayəndəsi Nuran Kərimov, "BP-Azərbaycan"ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi üçün vacib hesab etdikləri məsələlər barədə fikirlərini bölüşüb, dövlət başçısı tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirləri dəstəklədiklərini bildiriblər. Qeyd olunub ki, bu cür konfransların təşkili ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti və işgüzar dairələrlə açıq dialoqun qurulması istiqamətində mühüm addım hesab edilir.
Konfransda yekun nitqi ilə çıxış edən vergilər naziri Mikayıl Cabbarov bildirib ki, bu günkü konfransın əsas məqsədi ölkəmizin vergi sistemindəki vəziyyət və onun perspektiv inkişaf istiqamətləri barədə işgüzar dairələrlə fikir mübadiləsi aparmaqdır. Nazir qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiyaya əsaslanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində bu gün ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin qurulması, davamlı inkişaf və iqtisadi dayanıqlılıq təmin olunması istiqamətində ciddi işlər həyata keçirilir.
Vergilər naziri vergi sistemində şəffaflığın təmin edilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, vergi orqanlarında idarəetmə prinsiplərinin yenidən təşkili, dinamik və müasir idarəetmə prinsiplərinə söykənən vergi administrasiyasının formalaşdırılması istiqamətində aparılan işlər barədə danışıb, Nazirliyin qarşısında duran əsas hədəfləri açıqlayıb. Qeyd edilib ki, məqsəd sahibkarların vergi orqanları ilə canlı təmasları minimuma endirən keyfiyyətli və geniş elektron xidmətlər sistemi tətbiq etməkdir. Bundan başqa Vergilər Nazirliyi vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi prosesində sahibkarların ictimai birlikləri, ekspert cəmiyyəti, ictimai təşkilatlarla sıx əməkdaşlıq etmək niyyətindədir.