Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

2021-ci ilin 11 ayı ərzində vergi daxilolmaları, sosial sığorta ödəmələri sahəsində əldə olunmuş nəticələr haqqında

2021-ci ilin yanvar-noyabr ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının  artımına səbəb olub.

 

Vergi daxilolmaları

2021-ci ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 961,8 milyon manat vergi daxil olub, proqnoza 121 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 15,7 faiz və ya təqribən 1,1 milyard manat artıb.

Cari ilin 11 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 870,1 milyon manat olub, proqnoza 114,8 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 756,1 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,5 faiz və ya 697,3 milyon manat artıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz artaraq 4 milyard 439,5 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 866,6 milyon manat olmaqla, proqnoz 114,3 faiz icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 9,3 faiz artıb.

Ödənilən vergilərin 73,7 faizi qeyri-neft-qaz sektorunun, 26,3 faizi neft-qaz sektorunun payına düşüb.

 

Sosial sığorta ödəmələri

Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. Artımın böyük hissəsi özəl sektorun payına düşüb.

2021-ci il dekabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 773.133 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 233.211 vahid çoxdur. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

2021-ci ilin yanvar-noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 433,1 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb, daxilolmalar üzrə proqnoz 309,6 milyon manat artıq icra olunub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz artaraq 2 milyard 193,8 milyon manat olub, proqnoz 113,1 faiz icra edilib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 118,8 milyon manat təşkil edib, proqnoz 108,2 faiz icra olunub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3 faiz artaraq proqnoz 110,3 faiz icra edilib. Həmin təşkilatların xəttilə işsizlikdən sığorta haqları üzrə dövlət büdcəsinə 87,9 milyon manat daxil olub.

 

Qeydiyyata alınmış vergi ödəyiciləri

Dekabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 7,2 faiz artaraq 660.838  təşkil edib. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 17,3 faiz artıb və 34.191-ə çatıb. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 8,9 faiz artaraq 181.822 olub.

 

Onlayn nəzarət-kassa aparatlarının tətbiqi

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 50.653 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2021-ci ilin yanvar-noyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 14 milyard manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 85,8 faiz çoxdur.