Bir sıra bəyannamə, hesabat, onların əlavələrinin forma və tərtib olunma qaydaları təsdiq edilib
Məlum olduğu kimi, 9 iyul 2021-ci il tarixli 360-VİQD saylı Azərbaycan Respublikasının Qanunu ilə mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafatın qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə aid edilməsi ilə bağlı Vergi Məcəlləsinə müvafiq maddələr əlavə edilib. Həmçinin mediatorların məcburi dövlət sosial sığorta haqlarına aid edilməsi ilə əlaqədar “Sosial sığorta haqqında” Qanuna da müvafiq dəyişikliklər edilib.
Bu səbəbdən, bəyannamə formalarının təkmilləşdirilməsi, sadələşdirilməsi, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, hesabatların göndərilməsi zamanı səmərəliliyin artırılması məqsədilə bir sıra bəyannamələrin, hesabatların, onların əlavələrinin formaları və tərtib olunması qaydalarında dəyişikliklər edilməsinə zərurət yaranıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bəzi bəyannamə formalarında və doldurulması qaydalarında, həmçinin əlavələrin forma və tərtib olunması qaydalarında müvafiq dəyişikliklər edilib. Dəyişiklik edilmiş bəyannamə formaları aşağıdakılardır:
-
Sadələşdirilmiş verginin bəyannaməsi (+ 3 nömrəli əlavəsi) və onların doldurulma qaydaları;
-
Aksiz bəyannaməsi (+əlavəsi) və onların doldurulma qaydaları;
-
Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat) (+əlavələri) və onların doldurulma qaydaları;
-
Ödәmә mәnbәyindә tutulan vergi bәyannamәsi və onun doldurulma qaydası;
-
Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergi bəyannaməsi və onun doldurulma qaydası.
Bəyannamə (hesabat) formaları və onların doldurulma qaydaları ilə bu linkdə tanış olmaq olar: https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar
.