CAREC Proqramının 20-ci Nazirlər Konfransı keçirilib
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) videokonfrans formatda “Rəqəmsal dövrdə əlaqə, əməkdaşlıq və dayanıqlıq” mövzusunda 20-ci Nazirlər Konfransı keçirilib.
Tədbirdə Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava, CAREC Proqramına üzv ölkələr - Çin, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan və Monqolustandan milli əlaqələndirici şəxslər, beynəlxalq təşkilatların və maliyyə institutlarının yüksək vəzifəli rəsmiləri iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Konfrans iştirakçılarına müraciətini çatdıran iqtisadiyyat naziri Mikayıl Cabbarov 2003-cü ildən CAREC üzvü, CAREC Proqramının 2021-ci il üzrə sədri olan ölkəmizin artıq üçüncü dəfədir ki, Nazirlər Konfransına ev sahibliyi etdiyini, Azərbaycanın regional əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi istiqamətində səmərəli fəaliyyətini qeyd edib. Bildirilib ki, rəqəmsallaşmanın və iqtisadiyyatın transformasiyasının xüsusi önəm kəsb etdiyi hazırkı dövrdə CAREC Proqramının 2030-cu ilə qədər rəqəmsal və sağlamlıq strategiyaları regional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. Nazir qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, ölkəmizdə 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin yaradılması innovasiyaların və rəqəmsallaşmanın geniş miqyasda tətbiqinə əlavə stimul yaradır.
Torpaqlarımızın işğaldan azad edilməsi ilə yaranan yeni reallıqları və innovativ təşəbbüslərin həyata keçirilməsi imkanlarını vurğulayan nazir növbəti 10 il üçün Azərbaycanın Milli Prioritetləri barədə məlumat verib, iqtisadiyyatın “yaşıl” və davamlı inkişafına, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi diqqət yetirildiyini bildirib, regional inteqrasiya imkanlarını, o cümlədən Zəngəzur dəhlizinin regional əməkdaşlığa gətirəcəyi üstünlükləri diqqətə çatdırıb.
Konfransda həmçinin, COVİD-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına təsiri və onların minimallaşdırılması məqsədilə reallaşdırılan çoxşaxəli tədbirlər barədə məlumat verilib.
Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava regionda iqtisadiyyatın bərpası və inkişafı məsələləri barədə fikirlərini bildirib, qarşıdakı dövrdə CAREC Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Konfransda “CAREC Səhiyyə Strategiyası 2030”, “CAREC Rəqəmsal Strategiya 2030” və nazirlərin birgə bəyanatı qəbul edilib.