Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Ticarət obyektlərində aparılan monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskalardan istifadəsi yoxlanılır

Məlum olduğu kimi, cari ilin oktyabr ayının 25-dən başlayaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sahibkarlıq subyektlərində sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl edilməsi məqsədilə intensiv şəkildə monitorinqlər aparılır. Monitorinqlər zamanı karantin qaydalarına tam riayət edilməsi məqsədi ilə işçilərin fərdi qoruyucu vasitələrlə təmin olunması, müştərilər arasında sosial ara məsafəsinin saxlanılması, eləcə də tibbi maskadan istifadə etməyən alıcıların ticarət məntəqələrinə daxil olmamasının vacibliyi bir daha vergi ödəyicilərinin diqqətinə çatdırılır.

Ticarət obyektlərini əhatə edən növbəti monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskalardan istifadəsi və sosial ara məsafəsinin gözlənilməsi halları yoxlanılıb. Vergi orqanı əməkdaşları tərəfindən 17.774 təsərrüfat subyektində aparılmış müşahidələr nəticəsində 2261 pozuntu halı müəyyən edilib ki, bunların da 626-sı vətəndaşların tibbi maskasız təsərrüfat subyektlərinə daxil olması, 1635-i isə işçi heyətinin tibbi maskadan istifadə etməməsi ilə əlaqədar olub. Qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektlərinə 632.700 manat məbləğində inzibati cərimə tətbiq edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha sahibkarların nəzərinə çatdırır ki, pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara əməl olunmasına nəzarət məqsədilə ticarət məntəqələrində monitorinqlər davam etdiriləcək, pozuntu hallarına yol verən sahibkarlıq subyektlərinə qarşı ciddi tədbirlər görüləcəkdir.