Azərbaycan-Xorvatiya iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşüb.
Görüşdə Xorvatiya ilə siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyi, tərəfdaşlığın genişlənməsi üçün müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığı diqqətə çatdırılıb. Bildirilib ki, qarşılıqlı səfərlər, aparılan müzakirələr ikitərəfli münasibətlərin inkişafında önəmli rol oynayır. Ölkələrimiz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də əməkdaşlıq edir.
Azərbaycan iqtisadiyyatı, həyata keçirilən sistemli və ardıcıl iqtisadi islahatlar barədə məlumat verən iqtisadiyyat naziri qeyd edib ki, ticarət Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlığının əsas istiqamətlərindəndir və 2021-ci ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 62% artıb.
İqtisadiyyat naziri Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunun işgüzar dairələr arasında əlaqələrin genişlənməsi, perspektiv sahələrin müəyyənləşdirilməsi baxımından əlverişli platforma olduğunu qeyd edib, Xorvatiya iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət edib. İqtisadiyyat naziri həmçinin, cari ilin 26 oktyabr tarixində Zaqrebdə keçirilməsi nəzərdə tutulan Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının iqtisadi sahədə əməkdaşlığın inkişafı perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.
Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri Qordan Qrliç Radman Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, Xorvatiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüş çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Respublikasının Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman imzalayıblar. Sənəddə iqtisadi əməkdaşlığın inkişafı, vergi orqanları arasında səmərəli tərəfdaşlığın və məlumat mübadiləsinin təşkili məsələləri öz əksini tapıb.