Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

DVX-nin Tədris Mərkəzində “Aktivlərin qiymətləndirilməsi və onun xüsusiyyətləri” mövzusunda təlim keçirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında birgə əməkdaşlıq haqqında memoranduma əsasən, Tədris Mərkəzi tərəfindən Baş Prokurorluğun əməkdaşları üçün müsadirə olunmuş əmlakların qiymətləndirilməsi mövzusunda təlimin keçirilməsi nəzərdə tutulurdu. Aktivlərin qiymətləndirilməsinin və bu prosesin düzgün təşkilinin müasir dövrdə aktual mövzulardan biri olduğu nəzərə alınaraq, DVX-nin Tədris Mərkəzində dövlət vergi orqanlarının, eləcə də Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin əməkdaşları üçün “Aktivlərin qiymətləndirilməsi və onun xüsusiyyətləri” mövzusunda təlimin keçirilməsinə başlanılıb. Təlim Tədris Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin, qiymətləndirmə üzrə beynəlxalq sertifikata malik olan ABAK-Az Crowe Ltd MMC-nin mütəxəssisləri tərəfindən aparılır.

DVX-nin Tədris Mərkəzi təlimin mövzusu ilə bağlı İqtisadiyyat Nazirliyinin müvafiq strukturlarının, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin əməkdaşları, habelə qiymətləndirmə fəaliyyəti üzrə respublikanın bir çox tanınmış, müvafiq lisenziya və akkreditasiya sənədlərinə malik yüksək ixtisaslı mütəxəssisləri ilə müzakirələr aparıb, aktivlərin qiymətləndirilməsi və onun xüsusiyyətlərini kompleks şəkildə özündə əks etdirən təlim proqramı hazırlayıb. Təlim modulu qiymətləndirmənin normativ əsası, əsas növləri, standartları, qiymətləndirmə mühiti və obyekti, qiymətləndirmədə tətbiq olunan metod və yanaşmalar, biznesin qiymətləndirilməsi və s. bu kimi aktual mövzuları əhatə edir.

Təlim prosesi çərçivəsində konkret kazus əsasında qiymətləndirmə prosesinin əyani şəkildə həyata keçirilməsi, dövlət vergi orqanlarının dinləyici qismində cəlb ediləcək əməkdaşlarının Baş Prokurorluğun qiymətləndirmə fəaliyyəti üzrə mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmaq, müvafiq sahə üzrə nəzəri və təcrübi biliklərini bölüşmək imkanının əldə olunması nəzərdə tutulub.