Pandemiya dövründə nağdsız ödənişlərin miqdarı artıb
Azərbaycanda rəqəmsal ödənişlərin artırılması ilə nağdsız cəmiyyətə keçid sürətlənib. Xüsusilə pandemiya müddətində təmassız ödənişlərin həcmi genişlənib.
Oxu.Az-ın məlumatına görə, bu ilin birinci yarısında Azərbaycanda bank kartları ilə 15,9 milyard manatlıq ödəniş aparılıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz çoxdur.
Altı aylıq ödənişlərin 4,5 milyard manatlıq hissəsi nağdsız ödənişlərdir. 2021-ci ilin 6 ayında təsərrüfat subyektlərində POS-terminal vasitəsilə aparılan əməliyyatların ümumi məbləği 85,3 faiz artaraq 1,8 milyard manat təşkil edib.
Nağdsız ödənişin geniş vüsət aldığı cəmiyyətin formalaşması vacib olduğu qədər də sərfəlidir. “Kölgə iqtisadiyyatı”nı aradan qaldıran, ödənişlərin daha etibarlı və sadə olmasını təmin edən, maliyyə əməliyyatlarını bankomat və nağd pul axtarmadan mobil telefon vasitəsilə aparılmasına imkan verən bu sistem istehlakçılar üçün əlavə vəsait əldə etməyə də şans yaradır.
Belə ki, nağdsız ödənişlərin genişləndirilməsi üçün dövlət orqanları və bank sistemi tərəfindən stimullaşdırıcı tədbirlər həyata keçirilir. Məsələn, Dövlət Vergi Xidmətinin “ƏDV geri al” layihəsi çərçivəsində nağd ödəniş edənlər 10 faiz, nağdsız ödəniş edən istehlakçılar isə ödədikləri verginin 15 faizini geri alırlar. Banklar nağdsız ödəniş edənlər üçün vəsaitin müəyyən hissəsini bonus olaraq istehlakçılara geri qaytarırlar. Bəzi supermarketlər nağdsız ödəniş edən istehlakçılar üçün lotoreyalar təşkil edirlər. Bu lotoreyalarda qalib gələnlər arasında qiymətli hədiyyələr - elektrik məhsulları, ev əşyaları və hətta avtomobil qazananlar da olur. Deməli, nağdsız ödənişlər əlavə qazanc gətirir.
Bu ödəniş növü pulların ən güvənli formada xərclənməsinə imkan verir. Belə ki, kartla ödəniş zamanı vəsaitin xərclənməsini izləmək, onu geri qaytarmaq və ödənişi ləğv etmək mümkündür. Pulları kart hesabında mühafizə etmək onları oğurluqdan və itkidən tamamilə qoruyur. Məsələn, nağd pul itdikdə və ya oğurlandıqda onu geri qaytarmaq olmur. Lakin kart itərsə onun sahibi dərhal mobil telefona yazılmış proqram vasitəsilə kartını bloklaya bilir. Kartı götürən kənar şəxs həmin kartdan pul çıxara bilmir və kartın aid olduğu bank müştərisinə yeni kart verir. Beləcə pullar yenə də sahibinin sərəncamında qalır.
2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar olaraq dünya iqtisadiyyatının həcmi daralsa da, elektron ticarət vasitəsi ilə aparılan nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Belə ki, elektron ticarətdə kredit kartı vasitəsi ilə aparılan əməliyyatların həcmi üzrə 62,4 faiz, debet kartları üzrə isə 52,7 faiz artım müşahidə edilib. Bu ilin birinci yarısında Azərbaycanda da nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. Hesabat dövründə elektron ticarət əməliyyatlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 40,3 faiz artaraq 43,2 milyon ədəd, ümumi məbləği isə 35,6 faiz artaraq 2,4 milyard manat olub. Göründüyü kimi pandemiya müddətində hamımızın istifadə etdiyi elektron ticarət nağdsız ödənişlərin üstünlüklərini əyani göstərdi.
Nağdsız ödənişlər bəzi hallarda alıcılarda sual yaradır. “Kartla ödəsəm hesabımdan pul çıxacaqlar” kimi fikirlər bəzən çaşqınlıq yaradır. Plastik kartlarla aparılan bütün növ ödənişlərdən 18 faiz ƏDV-nin tutulması ilə bağlı yayılmış məlumatlar yanlışdır. Belə ki, plastik kartlar vasitəsilə nağdsız qaydada aparılan ödənişlər üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur. Lakin alıcılar xarici ölkədən mallar aldıqda, otel xidmətlərinin və aviabiletlərin sifariş etdikdə, xaricdə alınan (istehlak edilən) iş və xidmət aldıqda banklar tərəfindən ƏDV tutulmur.
Ölkə daxilində fəaliyyət göstərən müəssisə və təşkilatlara plastik kart vasitəsilə nağdsız ödənilən məbləğlərdən əlavə olaraq ƏDV tutulmur. Belə ki, ölkədə fəaliyyət göstərən ƏDV ödəyicilərindən alınmış mal, iş və xidmətlər üçün hesablaşmalarda ƏDV məbləği son qiymətdə öz əksini tapır.
Göründüyü kimi, ölkə daxilində aparılan nağdsız ödənişlərdən hər hansı əlavə vergilər tutulmur, əksinə qanunvericilik nağdsız ödənişlər üzrə həm sahibkarlara, həm də vətəndaşlara müvafiq üstünlüklər nəzərdə tutur. Bu səbəbdən vətəndaşların nağdsız ödəniş aparmasında hansısa əlavə vəsaitin tutulması həqiqətəuyğun deyil.