Vergi hüququpozmalarına qarşı mübarizə tədbirləri haqqında
2021-ci ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, xüsusi razılıq (lisenziya) olmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə etmə, əmək müqaviləsi olmadan işçilərin cəlb edilməsi, aksiz markasız məhsulların satışı, satış məqsədi ilə saxlama, idxal etmə, belə məhsulların nağd qaydada alqı-satqısı, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, vergi borcu və rusumların dövlət büdcəsinə ödənilmədiyi üçün çıxarılmış məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə faktları üzrə cəmi 521 cinayət işi başlanıb.
Əvvəlki ildən qalmış işlər də nəzərə alınmaqla, cəmi 229 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Onlardan 151 cinayət işinin icraatına xitam verilib, 87 nəfər barəsində ittiham elan edilməklə 78 cinayət işi məhkəməyə göndərilib, 6 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İcraatı tamamlanmış cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla dövlət büdcəsinə 27,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib. 2021-ci ilin 9 ayı ərzində ümumilikdə 30,7 milyon manat məbləğində ziyanın ödətdirilməsi təmin olunub.
Vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 12 nəfər şəxs yanvar-sentyabr ayları ərzində tutularaq istintaqa təhvil verilib, ibtidai istintaqdan yayınan 614 nəfər dindirilməsi üçün məcburi gətirilib, 497 nəfərin tapılaraq istintaqa gəlməsinin təmin olunması və yerinin müəyyən edilməsi barədə məlumat verilib.
Hesabat dövründə müxtəlif fəaliyyət sahələri üzrə ayrı-ayrı vergi ödəyicilərində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, əmək müqaviləsi olmadan işçilərin cəlb edilməsi və s. ilə bağlı ümumilikdə 464 nəzarət tədbiri həyata keçirilib.
Hesabat dövründə vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 22,3 milyon manat vəsait ödətdirilib.