2015-ci ilin birinci yarımilliyi ərzində Vergi Apelyasiya Şurasının fəaliyyəti haqqında
2015-ci ilin birinci yarımilliyi ərzində Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının icraatında 14 müraciət olmuşdur. Belə ki, 1 müraciət 2014-cü ildən qalıq qalmış, 13 müraciət isə 2015-ci ilin ilk 6 ayı ərzində daxil olmuşdur. Şuranın icraatında olmuş müraciətlərdən 8-i kameral vergi yoxlamasının, 3-ü səyyar vergi yoxlamasının, 3-ü isə operativ vergi nəzarətinin nəticələri ilə bağlı olmuşdur.
Şuranın icraatında olmuş 14 müraciətdən 11-inə 2015-ci ilin birinci yarımilliyi ərzində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun, “Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurası haqqında Əsasnamə”nin və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun baxılaraq müvafiq qərarlar qəbul edilmiş, 3 müraciət isə 1 iyul 2015-ci il tarixinə qalıq qalmışdır. Həmin 3 müraciətdən 1-i üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması ilə bağlı olaraq Xarici İşlər Nazirliyi vasitəsilə Böyük Britaniyanın vergi orqanına sorğu göndərilmişdir.
Şurada baxılaraq müvafiq qərarlar qəbul edilmiş 11 müraciətin 4-ü tam və ya qismən təmin edilmiş, 4-ü təmin edilməmiş, 1-inin icraatına xitam verilmiş, 2-i isə baxılmadan saxlanılmışdır. Şura tərəfindən baxılmış 11 müraciətdən 10-u vergi ödəyicisinin təkrar şikayəti üzrə, 1-i isə vergi orqanının müraciəti üzrə olmuşdur.