“Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbir keçirilib
Oktyabrın 6-da Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin təşkilati dəstəyi ilə “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbir keçirilib.
Tədbirdə dayanıqlı inkişafın maliyyələşdirilməsi məsələləri, Azərbaycanda pandemiyadan sonrakı dövrdə inkişaf prioritetlərinin icrası üçün yeni çağırışlar, “yaşıl” mənbələr hesabına iqtisadiyyatın dayanıqlılığını və keyfiyyətini təmin edən mühitin təşviqi imkanları, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması yolları müzakirə edilib.
İqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədr müavini Mikayıl Cabbarov dayanıqlı inkişaf məqsədlərinə nail olunması və “yaşıl iqtisadiyyat”a keçid istiqamətlərində ölkəmizdə ötən dövrdə həyata keçirilən tədbirlər, onların maliyyələşdirilməsi, pandemiya dövründə iqtisadi sabitliyin, makroiqtisadi dayanıqlılığın və iş yerlərinin qorunması məqsədilə tətbiq edilən dəstək mexanizmləri barədə məlumat verib. Qeyd edilib ki, dünya enerji bazarlarında baş verən dalğalanmalar, pandemiya səbəbindən tətbiq edilən məcburi məhdudiyyətlər iqtisadiyyata, o cümlədən ölkəmizdə DİM-in reallaşdırılmasına mənfi təsir göstərib. Bu təsirlərin minimallaşdırılması üçün Azərbaycan hökuməti iqtisadi inkişaf və sosial dəstək tədbirləri üçün 2,7 mlrd. dollar həcmində sosial-iqtisadi dəstək paketi təqdim edib ki, bu da ÜDM-in 6 faizindən çoxdur.
İqtisadiyyat naziri dəstək tədbirlərinin müsbət nəticələrini qeyd edib, iqtisadiyyatda bərpa prosesinin başlandığını, 2021-ci ilin 8 ayında ÜDM-in real ifadədə 3,6 faiz, ilin əvvəlindən qeyri-neft ixracının 40 faiz artdığını, 2021-ci ilin sonunadək 2,2 mlrd. dolları ötəcəyinin proqnozlaşdırıldığını diqqətə çatdırıb. Son 10 ildə qeyri-neft-qaz sektoru milli iqtisadiyyatın başlıca artım və inkişaf amilinə çevrilib, bu dövrdə ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 57 mlrd. dollara yaxın olub, ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 48 faizdən 70 faizə çatıb.
Nazir 2020-ci ildə Vətən müharibəsində qazanılmış Böyük Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərimizin bərpasının ölkənin inkişaf prioritetləri üçün yeni çağırışlar və reallıqlar yaratdığını vurğulayıb. Qeyd edilib ki, dövlət başçısı tərəfindən yeni dövrdə ölkəmiz qarşısında duran mühüm sosial-iqtisadi və ətraf mühitlə bağlı hədəflərə nail olunması, bunun üçün effektiv siyasətin formalaşdırılması, azad olunmuş ərazilərimizin bərpası məqsədilə bu ilin əvvəlində dövlət başçısı tərəfindən “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunub və bu prioritetlər DİM-in məqsədləri ilə sıx uzlaşır.
İqtisadiyyat naziri Milli Prioritetlərin reallaşdırılması çərçivəsində “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlandığını, sənədin yaxın zamanlarda İqtisadi Şurada müzakirə ediləcəyini bildirib. Strategiyanın həyata keçirilməsi 4 başlıca istiqamət üzrə dəyişikliklərə səbəb olacaq. Dövlət şirkətlərinin gəlirliliyinin artırılması, rəqabətli və şəffaf fəaliyyətinin təmin edilməsi, dövlət vəsaitlərinin səmərəli xərclənməsi, dövlətin borc dayanıqlığının yüksəldilməsi və digər tədbirlər nəticəsində iqtisadiyyatın dövlət sektoru yeni keyfiyyət mərhələsinə qədəm qoyacaq, iqtisadi idarəetmə daha da təkmilləşdiriləcək. Qeyd edilib ki, həyata keçiriləcək tədbirlər nəticəsində növbəti ortamüddətli dövrdə ÜDM-in orta illik real artım tempi 4,2 faiz, qeyri-neft ÜDM-in orta illik real artım tempi isə 5,2 faiz proqnozlaşdırılır. 2025-ci ilədək qeyri-neft ixracının 2 dəfə artırılması, ÜDM-də özəl sektorun payının 88 faizə, qeyri-neft-qaz sektoru üzrə ÜDM-də KOB-ların payının isə 35 faizə çatdırılması hədəflənir. İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, cari ildə ÜDM-in real artım tempinin 4,8 faiz olacağı gözlənilir.
Nazir Azərbaycanın DİM-lər üzrə götürdüyü öhdəliklərin həyata keçirilməsinin dövlət siyasətinin tərkib hissələrindən olduğunu, icra mexanizminin formalaşdırılması məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını, yerli və beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq qurulduğunu bildirib, ölkədə sosial-iqtisadi, ətraf mühit sahələrini əhatə edən dövlət proqramlarının, strategiyaların, tədbirlər planlarının DİM-lərin məqsəd və hədəflərinə uyğunlaşdırıldığını vurğulayıb. Azərbaycan regionda ilk ölkə olaraq DİM-in icrası istiqamətində BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 Könüllü Milli Hesabat təqdim edib. Cari ilin mart ayında BMT və Azərbaycan arasında “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin imzalandığı diqqətə çatdırılıb.
DİM-lərin maliyyələşdirilməsi məsələsinə toxunan nazir BMT ilə növbəti 5 illik dövrdə həyata keçiriləcək tədbirlərin və “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının bu sahədə yol xəritəsi olduğunu qeyd edib. Pandemiyadan sonrakı dövrdə inkişaf etməkdə olan ölkələrdə maliyyə çatışmazlığı müşahidə olunur. Maliyyələşməyə tələbat artır. Bu baxımdan qarşımızda maliyyə mənbələrindən və vəsaitlərdən səmərəli istifadə ilə bağlı çağırışlar durur. Qeyd edilib ki, mövcud potensialın daha da gücləndirilməsi üçün beynəlxalq investorların, donor təşkilatlarının, böyük resurslara malik özəl və dövlət şirkətlərinin prosesə qoşulması və dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi önəmlidir. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərimizdə iqtisadi fəaliyyətin bərpası, iş yerlərinin yaradılması istiqamətində tədbirlərin maliyyəşləşdirilməsinə də ehtiyac var. Bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, “yaşıl enerji zonası” layihələri həyata keçiriləcək. Hazırda Zəngilan rayonunda bu proses davam etdirilir və “ağıllı kənd” konsepsiyasının digər bölgələrdə də tətbiqi nəzərdə tutulur.
BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsi Alessandro Frakassetti çıxış edərək, Azərbaycan Hökuməti və BMT-nin İnkişaf Proqramı arasında uğurlu əməkdaşlıq nəticəsində həyata keçirilmiş layihələrin dayanıqlı inkişafa nail olunması istiqamətində mühüm addım olduğunu və bu əməkdaşlığın növbəti illərdə də davam edəcəyindən əminliyini bildirib. Alessandro Frakassetti qeyd edib ki, dayanıqlı yatırımlar məqsədilə “yaşıl artım”ın və Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi istiqamətində hazırda Azərbaycanda sistemli dəyişikliklər etmək üçün unikal bir fürsət var. BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsi bu baxımdan vahid maliyyələşdirmə çərçivəsinin mühüm alət ola biləcəyini qeyd edib. DİM-in maliyyələşməsində dövlət, özəl və beynəlxalq təşkilatların əməkdaşlığının vacibliyini, bu çərçivədə hökumətlə yanaşı, beynəlxalq təşkilatların və maliyyə institutlarının da iştirak etdiyini qeyd edib. “Yaşıl sərmayələr”in iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcəyini vurğulayan Alessandro Frakassetti hazırda “yaşıl mənbələr”dən istifadə etməklə iqtisadiyyatın inkişafı və dayanıqlığının təmin edilməsinin qlobal xarakter aldığını və bu mexanizmin qarşıdakı dövrdə önəmli rol oynacağını bildirib.
Tədbir panel sessiya ilə öz işini davam etdirib. İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynovun moderatorluğu ilə keçirilən panel sessiyada energetika nazirinin müavini Elnur Soltanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, BMTİP-nin Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bist, Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Gülnarə Aslanbəyli müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildiriblər.