Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydası təsdiqlənib

Məlum olduğu kimi, Vergi Məcəlləsinin 111.3-cü maddəsinə əsasən banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri vergitutma məqsədləri üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər.

Nazirlər Kabinetinin 23 sentyabr 2021-ci il tarixli 276 nömrəli qərarı ilə “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydası” təsdiq edilib. Qaydalar banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması məsələlərini tənzimləyir. Belə ki, Qaydalara əsasən, bank olmayan kredit təşkilatları tərəfindən qarşılıqlı surətdə asılı olan şəxslərə verilmiş kreditlər üzrə yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır, digər hallarda isə verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

Kredit ittifaqının üzvləri qarşılıqlı surətdə asılı olan şəxslər olduqda və onların kredit ittifaqının nizamnamə kapitalındakı paylarının həcmi 50 faizdən çox olduqda, həmin üzvlərə kredit ittifaqı tərəfindən verilmiş kreditlər üzrə yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır. Kredit ittifaqları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

Bundan başqa, Qaydalarda banklar tərəfindən aktivlər üzrə yaradılmış xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması ilə bağlı məsələlər də tənzimlənir. Belə ki, banklarda xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edildiyi və ya aid edilmədiyi hallar, o cümlədən həmin məbləğlərin keyfiyyət meyarına (qeyri-qənaətbəxş, gecikmə müddətinə görə aktivlərin təsnifatı qənaətbəxş aktivlər olduğu halda həmin aktivlərin keyfiyyət meyarına görə, qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər üzrə) görə gəlirdən çıxılmadığı hallar da Qaydalarda müəyyən edilib.