“Vahid elektron lövhə”nin tətbiqi artıq ödənilmiş məbləğin geri alınması prosesini izləməyə imkan verəcək
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Biznesə başlama, vergi və hesabatlılıq" işçi qrupunun 2021-ci ilin Fəaliyyət Planına əsasən, ƏDV sahəsində inzibatçılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması üzrə nəzərdə tutulan tədbirlərdən biri də ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində büdcədən qaytarılması ilə bağlı olan “Vahid elektron lövhə”nin tətbiqidir. Vergi orqanları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə artıq ödənilmiş vəsaitlərin geri alınması prosesini özündə əks etdirən “Vahid elektron lövhə” Maliyyə Nazirliyi ilə birgə hazırlanaraq cari ilin iyul ayından vergi ödəyicilərinin istifadəsinə verilib.
Vergi Məcəlləsinin müddəalarına əsasən, əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olduqda, vergi ödəyicisinin müraciətinə əsasən, hesablanmış vergidən artıq olan məbləğ sahibkara qaytarılır. Vergi Məcəlləsinin 179.1-ci və 179.2-ci maddələri əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergi məbləğindən artıq olduğu halda, büdcə ilə münasibətləri müəyyənləşdirir.
Hesabat dövründə həm 18 faizlə, həm də sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlar aparan, bu zaman vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcə ilə vergiyə cəlb edilən vergi ödəyicisinə, əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. Digər vergi ödəyiciləri üçün əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır.
Hazırda vergi ödəyiciləri tərəfindən “Vahid elektron lövhə”dən istifadə etməklə artıq ödəmənin qaytarılması üçün 107 sayda müraciət daxil olub. Bu platformanın bir sıra üstünlükləri var. Belə ki, artıq ödənilmiş məbləğin geri alınması üçün ərizənin vergi ödəyiciləri tərəfindən izlənməsi məlumatların əlçatanlığının təmin olunmasına xidmət edir. Vergi ödəyicisi müraciəti ilə bağlı bütün mərhələləri izləyə, məbləğin geri qaytarılması prosesinə şəxsən nəzarət edə bilir. Prosedurun sadələşdirilməsi vergi ödəyicilərinin əlavə vaxt itkisinin azalmasına və yazışmaların minimuma endirilməsinə zəmin yaradacaq. Vergi ödəyiciləri artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə bağlı statistik məlumatları Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində cari ilin 4-cü rübündən etibarən izləyə biləcəklər.