Tədris Mərkəzi əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış monoqrafiya nəşr olunub
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov və Mərkəzin şöbə rəisi Nazim Əliyevin, eləcə də Müstəqil Dövlətlər Birliyinə daxil olan bir sıra ölkələrin alimlərindən ibarət beynəlxalq müəlliflər kollektivinin hazırladığı “Müasir pandemiya reallığının çoxcəhətliliyi” (“Многогранность современной пандемической реальности”) adlı multidissiplinar monoqrafiya Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində nəşr olunub.
Monoqrafiya COVID-19 koronavirus pandemiyası ilə bağlı müasir dünyada yaranmış problemlərin tədqiqinə həsr edilib. COVID-19 infeksiyasının mənşəyi və təbiəti ilə bağlı birmənalı mövqeyin olmamasını nəzərə alan beynəlxalq müəlliflər kollektivi ərsəyə gətirdikləri bu elmi əsərdə pandemiyanın tibbi, iqtisadi aspektləri ilə yanaşı, hüquqi və sosial cəhətlərini də araşdırıblar. Multidissiplinar monoqrafiyanın “Korrupsiya təzahürlərinin meyilləri və müasir pandemiya gerçəkliyində onunla mübarizənin səmərələliyi” adlı müstəqil 19-cu fəsli bilavasitə Mirəli Kazımov və Nazim Əliyev tərəfindən hazırlanıb.
Monoqrafiya yalnız müvafiq sahənin mütəxəssisləri üçün deyil, həmçinin ali təhsil və elm müəssisələrinin əməkdaşları, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.