Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən son illərdə “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və biznes subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Səmərəli vergi və gömrük nəzarəti mexanizmlərinin tətbiqi nəticəsində sahibkarlıq subyektlərinin iqtisadi dövriyyələrinin “ağarması” istiqamətində müsbət nəticələr müşahidə olunur.

Bu sahədə aparılan mühüm tədbirlərdən biri də vergi və gömrük orqanları tərəfindən üçüncü şəxslər üçün mallar idxal edən vergi ödəyicilərinin müəyyən edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş formada mal sahiblərinə təqdim olunması istiqamətində birgə nəzarətin həyata keçirilməsidir.

Növbəti belə tədbirlərdən biri üçüncü şəxslər üçün mallar idxal edən "Fabrolık Tıkıntı" MMC-də həyata keçirilib. Lakin birgə nəzarət tədbirlərinin davam etməsinə baxmayaraq, sentyabrın 4-də həmin müəssisəyə aidiyyəti (qanuni təmsilçi və ya etibarnamə üzrə nümayəndə) olmayan vətəndaş Bəhlulov Osman İlqar oğlu tərəfindən Bakı Baş Gömrük İdarəsinin “İpəkyolu” gömrük postunda malların gömrük ərazisindən çıxarılmasına cəhd edilib. Bu zaman O.Bəhlulov gömrük və vergi orqanı əməkdaşlarının birgə nəzarət tədbirlərinin həyata keçirilməsinə mane olub, vergi və gömrük orqanının vəzifəli şəxslərini təhqir edib, nəqliyyat vasitəsini vergi və gömrük əməkdaşlarının üzərinə sürərək gömrük postunun qarşısını bağlayıb və digər nəqliyyat vasitələrinin çıxışına maneə yaradıb.

O.Bəhlulovun qanunsuz hərəkətləri hüquq-mühafizə orqanlarının iştirakı ilə rəsmiləşdirilərək Səbail Rayon Məhkəməsinə göndərilib və məhkəmənin 06.09.2021-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, barəsində 10 gün müddətinə inzibati həbs qərarı verilib.

Qeyd edək ki, O.Bəhlulov bundan əvvəl də çoxlu sayda müəssisənin adına rəsmiləşdirilmiş üçüncü şəxslərə məxsus malların heç bir təmsilçilik hüququ olmadan gömrük ərazisindən çıxarılmasına cəhdlər edib.

Məlumat üçün bildirilməlidir ki, "Fabrolık Tıkıntı" MMC-də keçirilmiş operativ vergi nəzarəti zamanı müəssisənin rəhbəri dəvət edilib, araşdırma zamanı MMC-yə məxsus təsərrüfat subyektinin formal olaraq qeydiyyata qoyulduğu, riskli (əmtəəsiz) əməliyyatlar aparıldığı müəyyən edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi bildirir ki, mövcud qanunvericiliyə əsasən, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təhvil verilməsinə, saxlanılacağı təsərrüfat subyektlərinin düzgün göstərilməməsinə yol verilmir və bu kimi hallar qanunvericiliyin tələblərinin pozulmasına gətirir. “Kölgə iqtisadiyyatı”nın artmasına şərait yaradan belə halların qarşısının alınması istiqamətində aidiyyəti orqanların birgə fəaliyyəti bundan sonra da davam etdiriləcək.