DVX-nin Tədris Mərkəzində “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsi yekunlaşıb
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində “Xarıbülbül” şəhid və qazi övladları üçün təşkil edilmiş yay düşərgəsi başa çatıb.
Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəmanlarımızın övladlarının xüsusi diqqət və qayğı ilə əhatələnməsi, onların təhsil və şəxsi inkişaflarının dəstəklənməsi daim əsas hədəflərdən biri olaraq götürülür. Yay düşərgəsində gənclər asudə vaxtlarının səmərəli keçirilməsinə və inkişaflarına dəstək olacaq müxtəlif tədbirlərdə iştirak ediblər.
5 gün davam edən “Xarıbülbül” yay düşərgəsində iştirakçıların Şamaxının tarixi-mədəni abidələri və digər turizm məkanlarına səfərləri təşkil olunub. Gənclər Vətən müharibəsi iştirakçılarının, rəsmilərin və məşhur simaların iştirakı ilə görüşlərdə iştirak edib, şəxsi və komanda inkişafı yönümlü təlimlərə qatılıb, müxtəlif ideya və layihə təkliflərinin müzakirəsinə, intellektual, komanda oyunları, mədəniyyət axşamları və müxtəlif əyləncəli fəaliyyətlərə cəlb olunublar.
Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə 60 nəfər şəhid və qazi övladının iştirak etdiyi düşərgə Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində təşkil olunub.
Bu cür layihələrin davam etdirilməsi planlaşdırılır.