Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyicisi tərəfindən nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi Qaydaları

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
10 avqust 2021-ci il tarixli 2117040100803400 nömrəli əmri ilə
təsdiq edilmişdir.

 

  1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar 2019-cu il yanvarın 1-dək istismar edilən nəzarət-kassa aparatını (bundan sonra NKA) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən meyarlara cavab verən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş NKA ilə əvəz edən vergi ödəyiciləri tərəfindən hər bir NKA-nın quraşdırılmasına çəkilən xərclərin (NKA-nın dəyəri daxil olmaqla) dəyəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən həddə NKA quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Qaydaların hazırlanmasında məqsəd vergi ödəyiciləri tərəfindən NKA quraşdırılmasına çəkilən xərclərin yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilməsi prosedurlarının asan, operativ və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir.

1.3. Vergi ödəyicisi tərəfindən hər bir NKA-nın quraşdırılmasına çəkilən xərclərin (NKA-nın dəyəri daxil olmaqla) dəyəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən həddə NKA quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş və bu Qaydaların 1 nömrəli Əlavəsində göstərilən Ərizə forması ilə müraciət olunmalıdır.

1.4. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş NKA-nı quraşdıran vergi ödəyicisinin hər bir NKA-nın əldə edilməsinə və quraşdırılmasına çəkilən xərclərin əldə edilmiş elektron qaimə-faktura üzrə əvəzləşdirilmiş ƏDV məbləği nəzərə alınmaqla 350 manat həddində vergi öhdəlikləri ilə əvəzləşdirmək hüququ vardır.

1.5. Vergi Məcəlləsinin 77.5-ci maddəsi və bu Qaydalara uyğun olaraq vergi öhdəlikləri ilə əvəzləşdirilmə nəticəsində yaranan artıq ödəmə məbləği vergi ödəyicisinə qaytarılmır.

 

  1. Vergi ödəyicisi tərəfindən NKA-nın quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi üçün ərizənin doldurulması

 

2.1. Vergi ödəyiciləri 2019-cu il yanvarın 1-dək istismar edilən NKA-nı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən meyarlara cavab verən və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş NKA ilə əvəz etdikdən sonra NKA-nın quraşdırılmasına çəkilən xərclərin dəyərinin yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş ərizəni (Əlavə 1) dolduraraq qeydiyyatda olduqları vergi orqanına elektron formada və ya kağız daşıyıcıda təqdim etməlidirlər.

2.2. Vergi ödəyiciləri ərizəni 2019-cu il yanvarın 1-dək istismar edilən NKA-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş NKA ilə əvəz edildiyi tarixdən Vergi Məcəlləsinin 85.5-ci maddəsinə uyğun olaraq 3 il ərzində təqdim edə bilərlər.

2.3. Ərizədə aşağıdakı məlumatlar doldurulmalıdır:

2.3.1. ərizənin təqdim edildiyi vergi orqanı;

2.3.2. vergi ödəyicisinin VÖEN-i və adı;

2.3.3. vergi öhdəlikləri ilə əvəzləşdiriləcək məbləğ;

2.3.4. NKA quraşdırılan obyektin kodu;

2.3.5. əvəzlənən NKA-nın qeydiyyat tarixi, qeydiyyatdan çıxma tarixi, markası, zavod nömrəsi;

2.3.6. real vaxt rejimində işləyən NKA-nın markası, NMQ-nin nömrəsi, zavod nömrəsi, qeydiyyat tarixi;

2.3.7. NKA operatorunun (satıcının) adı və VÖEN-i;

2.3.8. NKA-nın əldə edilməsi və (və ya) quraşdırılması ilə bağlı operator (satıcı) tərəfindən təqdim edilmiş elektron qaimə-fakturanın tarixi, seriyası, nömrəsi, dəyəri, əlavə dəyər vergisi.

 

  1. Vergi ödəyicisinin NKA-nın quraşdırılmasına çəkilən xərclərin əvəzləşdirilməsi üçün təqdim etdiyi ərizəyə baxılması

 

3.1. Vergi ödəyicisinin ərizəsinə ərizə daxil olduğu tarixdən 15 iş günü ərzində baxılır.

3.2. Vergi ödəyicisinin ərizəsi qeydiyyatda olduğu vergi orqanında uçot və bəyannamə strukturuna, eyni zamanda aidiyyəti rəyin alınması üçün Dövlət Vergi Xidmətinin Rəqəmsal vergi inzibatçılığı baş idarəsinə daxil olur.

3.3. Vergi ödəyicisinin ərizəsində göstərdiyi NKA quraşdırılan obyektin kodu, əvəzlənən NKA-nın qeydiyyat tarixi, onun qeydiyyatdan çıxma tarixi və real vaxt rejimində işləyən NKA-nın qeydiyyat tarixi ilə bağlı məlumatların düzgünlüyünə vergi ödəyicilərinin qeydiyyatda olduğu vergi orqanın uçot strukturunda 5 iş günü ərzində baxılır və kənarlaşma aşkar edilmədikdə yerli vergi orqanının bəyannamə strukturuna rəy bildirilir. Kənarlaşma aşkar edildikdə isə hazırlanmış rəy əsasında vergi ödəyicisinə bu barədə yazılı məlumat verilir.

3.4. Vergi ödəyicisinin ərizəsində göstərdiyi real vaxt rejimində işləyən NKA-nın markası, NMQ-nin nömrəsi, zavod nömrəsi ilə bağlı məlumatların və NKA operatorunun (satıcının) adı, VÖEN-i ilə bağlı məlumatların düzgünlüyünə Dövlət Vergi Xidmətinin Rəqəmsal vergi inzibatçılığı baş idarəsində baxılır. Bu zaman Dövlət Vergi Xidmətinin Rəqəmsal vergi inzibatçılığı baş idarəsi tərəfindən real vaxt rejimində işləyən NKA operatorunun (satıcının) vergi orqanında qeydiyyatda olması, real vaxt rejimində işləyən NKA-nın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət Kassa Aparatlarının istismar Qaydaları”nın tələblərinə uyğunluğu, eyni zamanda müvafiq NKA üzrə vergi öhdəlikləri ilə əvəzləşmə hüququndan daha əvvəl eyni vergi ödəyicisinin istifadə edib-etməməsi yoxlanılır və kənarlaşma aşkar edilmədikdə 5 iş günündən gec olmayaraq bu barədə yerli vergi orqanının bəyannamə strukturuna rəy bildirilir. Kənarlaşma aşkar edildikdə isə hazırlanmış rəy əsasında vergi ödəyicisinə bu barədə yazılı məlumat verilir.

3.5. Vergi ödəyicisinin ərizəsində göstərdiyi elektron qaimə-faktura ilə bağlı məlumatların düzgünlüyünə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanın bəyannamə strukturunda 5 iş günü ərzində baxılır. Bu zaman yerli vergi orqanının bəyannamə strukturu tərəfindən məlumatlarda uyğunsuzluq və kənarlaşma aşkar edilmədikdə digər strukturların rəyləri də nəzərə alınmaqla bu Qaydaların 1.4-cü bəndində göstərilən hədd daxilində (NKA-nın alınmasına və quraşdırılmasına çəkilən xərclərə görə əldə edilmiş e-qaimə üzrə əvəzləşdirilməli ƏDV nəzərə alınmaqla) vergi ödəyicisinin şəxsi hesab vərəqəsində ödəmə tarixi ərizənin təqdim edildiyi tarix olmaqla azalma aparılır və bu barədə vergi ödəyicisinə Qaydaların 2 nömrəli Əlavəsində göstərilən bildiriş göndərilir. Kənarlaşma aşkar edildikdə isə hazırlanmış rəy əsasında vergi ödəyicisinə bu barədə yazılı məlumat verilir.

 

  1. Yekun müddəalar

 

4.1. Vergi ödəyiciləri hər bir NKA-nın quraşdırılmasına çəkilən xərclərin əvəzləşdirilməsi üçün təqdim etdikləri ərizədə məlumatların düzgün doldurulmamasına görə məsuliyyət daşıyırlar.

4.2. Vergi ödəyicilərinin ərizədə göstərdikləri məlumatlarda uyğunsuzluq və ya Vergi Məcəlləsinin 77.7-ci maddəsində nəzərdə tutulmuş kənarlaşmalar aşkar edildikdə NKA-nın quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir.

4.3. NKA-nın quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməməsinə əsas verən kənarlaşmalar aradan qaldırıldıqdan sonra vergi ödəyicisi tərəfindən yenidən müraciət edilə bilər.

 

Əlavə 1

Vergi Məcəlləsinin 77.5-ci maddəsinin tətbiqi ilə bağlı vergi ödəyicisi tərəfindən nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi üçün Ərizə

Əlavə 2

Vergi Məcəlləsinin 77.5-ci maddəsinin tətbiqi ilə bağlı vergi ödəyicisi tərəfindən nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin əvəzləşdirilməsi barədə Bildiriş