Regionların inkişafının iqtisadi artımda rolu
İqtisadiyyatın dinamik inkişafı üçün onun dayanıqlı olması və şaxələndirilməsi zəruridir. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi və şaxələndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi təmin olunmalıdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, növbəti onillikdə reallaşdırılmalı olan milli prioritetlər ölkənin sosial-iqtisadi inkişafı üçün yeni hədəflər müəyyən edib, qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi nəzərdə tutulub. Qeyri-neft sektorunun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafın effektivliyi, dövlət büdcəsinin gəlirlərinin artırılması və bu gəlirlərin müxtəlif mənbələrdən formalaşdırılması baxımdan əhəmiyyətli hesab olunur. Artıq həyata keçirilən iqtisadi siyasət və davamlı islahatların nəticəsi olaraq milli iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafı sürətlənib.
Regionlarda iqtisadi aktivlik və vergi daxilolmaları artıb.
Hazırda qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün ölkənin regionlarında güclü iqtisadi potensial mövcuddur və bu məsələ diqqət mərkəzindədir. Ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilib.
Dövlət Proqramının uğurlu icrası öz növbəsində vergi daxilolmalarının artımına öz müsbət təsirini göstərib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq vergi orqanları tərəfindən iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına stimul verən tədbirlər görülür. Belə ki, gəlirlərin şəffaflaşdırılması və uçotun dürüstləşdirilməsi istiqamətində həyata keçirilmiş sistemli tədbirlər, eləcə də sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması nəticəsində vergi daxilolmaları artıb.
2018-ci illə müqayisədə 2020-ci ildə regionlardan vergi daxilolmaları 23,1 faiz artıb. Eyni zamanda, mərkəzləşdirilmiş büdcədən dotasiya almadan öz gəlirlərini yerli mənbələr hesabına təmin edən rayonların sayı 41-ə çatıb. Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının qəbulundan əvvəlki 2003-cü illə müqayisədə 2020-ci ildə regionlar üzrə vergi daxilolmaları 23,2 dəfəyə yaxın artıb.
Proqnoz tapşırıqları cari ilin 6 ayında da uğurla icra edilib və ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 388,4 milyon manat proqnoza qarşı 462,6 milyon manat vəsaitin daxil olması təmin olunaraq, proqnozun icrası 74,2 milyon manat artıqlaması ilə və ya 119,1 faiz təmin edilib. Həmçinin yerli mənbələr üzrə dövlət büdcəsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,1 milyon manat və ya 6,7 faiz çox vəsait daxil olub.
Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergi azad olmaları, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyaların və ixracın təşviqi, digər dövlət dəstəyi mexanizmləri regional inkişafın sürətlənməsində mühüm rol oynayır.
Əmək bazarının leqallaşması və yeni iş yerlərinin yaradılması hesabına 2021-ci ilin I rübündə qeyri-dövlət sektoru üzrə işçi sayları ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artıb, cari ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektor üzrə dövlət büdcəsinə 36,1 faiz, işsizlikdən sığorta üzrə isə 51 faiz çox vəsait yönləndirilib.
Hesabat dövründə regionlarda iqtisadi aktivlik müşahidə olunub, ötən ilin cari dövrü ilə müqayisədə vergiödəyiciləri tərəfindən təqdim edilmiş dövriyyə məbləğləri 21,6 faiz artıb. Habelə cari ilin iyulun 1-nə regionlar üzrə aktiv ƏDV ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,6 faiz artıb, hesabat dövründə qeydiyyata alınan obyektlərin sayında isə ötən ilin analoji dövrü ilə müqayisədə 15,5 faiz artım müşahidə edilib.
Bölgələrdə iqtisadi aktivliyin və sahibkarlıq subyektlərinin gəlirlərinin artması, bir tərəfdən büdcə gəlirlərinin regional diversifikasiyasına müsbət təsir göstərir, digər tərəfdən isə regionların maliyyə imkanlarının yaxşılaşmasına əsas verir.
Sənaye zonaları – iqtisadi perspektivlər
Prezident İlham Əliyev çıxışları zamanı daim qeyri-neft sektorunun inkişaf perspektivləri barədə fikirlər səsləndirib və onun önəmini vurğulayıb: “Bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir. Buna nail olmaq üçün son illər böyük işlər görülüb, sənaye zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunub. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir”.
Dünya təcrübəsi göstərir ki, sənaye parklarının və aqroparkların yaradılması ölkə iqtisadiyyatının ixrac, rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Aqroparkların yaradılması həm də kəndlərdə yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir. Sənaye məhəllələrində və aqroparklarda fəaliyyət göstərən sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün genişmiqyaslı vergi güzəştləri mövcuddur. Sahibkarlığın inkişaf etdirilməsi regionların vergi potensialının artmasına səbəb olduğu kimi, vergi güzəştləri də sahibkarlığın inkişafını stimullaşdırır və iqtisadi risklərin minimuma endirilməsini təmin edir.
Vergi orqanları fiskal məqsədlərə xidmət etməklə yanaşı, regionların iqtisadi potensialının reallaşması və iqtisadi artımın təmin olunmasında qeyri-neft sektorunun payının artması istiqamətində fəal iştirak edirlər. Bu tendensiyanın davamlı olmasında isə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin prioritet istiqamətlərindən olan regionların inkişafı strategiyasının müstəsna əhəmiyyəti var.