DVX-nin Tədris Mərkəzində “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi təşkil olunub
Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən Mirəli Kazımov tədbirdə çıxış edərək müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdə milli birliyimizin rolundan, post-münaqişə dövründə Qarabağın dirçəlişi və Böyük Qayıdış prosesində gənclərin fəallığından danışıb.
Tədbir çərçivəsində ayrıca bir gün vergi sahəsinə, bu mövzunun təbliğinə və vergi sistemi ilə tanışlığa həsr olunub. Dövlətin milli təhlükəsizliyinin tərkib hissəsi kimi iqtisadi təhlükəsizliyin təminatı, bu sahədə vergitutmanın rolu, müasir vergi siyasətinin əsas cəhətləri, vergi sistemi ilə ölkənin inkişafı arasında qarşılıqlı əlaqə barədə gənclərə ətraflı məlumat verilib.
Tədris Mərkəzinin əməkdaşları tərəfindən vergi münasibətləri, vergi siyasəti və vergi sistemi, vergitutma, müharibə veteranları, şəhid ailələri üçün nəzərdə tutulan vergi güzəştləri və s. mövzularda gənclərin sualları cavablandırılıb. Vergi mədəniyyətinin dövlətin sosial-iqtisadi həyatında rolu mövzusunda aparılan müzakirələr gənclərdə xüsusi maraq doğurub.