Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Şənlik mərasimlərinin təşkili zamanı sağlamlığın qorunmasına nəzarət vacib şərtdir

Şənlik mərasimlərinin müəyyən edilmiş tələblərə uyğun təşkili məqsədilə Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət qruplar gündəlik monitorinqləri davam etdirir.

Bu günədək monitorinq qrupları tərəfindən 1.400-dən çox obyektdə qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb. Bunlara tədbir barədə müvafiq portalda qeydiyyatın düzgün aparılması, toy keçirilən məkanlarda qonaqların yerləşdirilməməsi, tədbirə qatılanların COVID-19 pasportunun və COVID-19-dan sağalması barədə immunitet sertifikatının olması, sanitar-gigiyena qaydalarına riayət olunması, işçi heyətin zəruri qoruyucu vasitələrlə təmin edilməsi və s. aiddir.

Maarifləndirmə tədbirləri başlayandan indiyədək monitorinq aparılan mərasimlərdə iştirak edən 170 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 18 minə yaxın nöqsan aşkar edilib. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyəti arasında 800-ə yaxın şəxsin tələblərə əməl etmədiyi müəyyən olunub.

İyulun 30-da keçirilən növbəti nəzarət tədbirlərində toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıb, Operativ Qərargahın müəyyən etdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib. Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin edilib və nümunəvi şənlik mərasimlərində ailə quranlara hədiyyələr təqdim olunub.

Şənlik mərasimləri təşkil edən obyekt sahiblərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, tədbirlərin təşkili zamanı karantin rejiminin qayda və tələblərinə ciddi əməl etsinlər və xidmət personalının vaksinləşməsinə xüsusi diqqət yetirsinlər.