Əksər şadlıq evlərində qonaqlar və işçi heyət arasında vaksinləşmə səviyyəsi artır
Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə gündəlik monitorinqlər davam etdirilir. Belə tədbirlərin başlanmasına icazə verildiyi tarixdən bu günədək aidiyyəti qurumların nümayəndələri tərəfindən 1300-dən çox obyektdə monitorinq aparılıb. Təhlillər göstərir ki, əksər şadlıq evlərində karantin qayda və tələblərinə əməl olunur, xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayı əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artır. Belə ki, maarifləndirmə tədbirlərinə başlandığı vaxtdan ötən dövr ərzində xidmət personalının vaksinləşmə göstəricisi 42,5%-dən 80%-dək yüksəlib.
Bununla belə, monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə qayda pozuntusu hallarına da rast gəlinir. İndiyədək monitorinq aparılan tədbirlərdə iştirak edən 160 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 17,5 minə yaxın qonağın sənədində nöqsanlar aşkar edilib. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 740 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.
Əsas rast gəlinən pozuntu halları məkan sahiblərinin şənlik mərasimlərini icaze.e-gov.az portalında qeydə alınmadan təşkil etməsi, zalların ölçüsü imkan vermədəyi halda, daha çox qonaq üçün sifariş qəbul edlməsi, toylarda qonaqların say və stollararası məsafə məhdudiyyətinin pozulmasıdır.
Monitorinq qrupları tərəfindən məkan sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll oluna bilən pozuntu halları aradan qaldırılır və tədbirin qaydalara uyğun həyata keçirilməsi təmin olunur, nümunəvi toy mərasimlərinin təşkil edildiyi məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim olunur.
Məkan və toy sahiblərinin nəzərinə bir daha çatdırılır ki, tədbirlərin təşkili zamanı karantin rejiminin qayda və tələblərinə ciddi əməl etsinlər və xidmət personalının vaksinləşməsinə xüsusi diqqət yetirsinlər. Bu, hamımızın sağlamlığı üçün vacib şərtdir.