Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İqtisadiyyatın “kölgə”dən çıxarılması büdcə gəlirlərinin əsas artım mənbəyidir

Azərbaycan iqtisadiyyatı sürətli bərpa dövrünə qədəm qoyub. 2021-ci ilin birinci yarısında əldə olunmuş iqtisadi nəticələr bunu deməyə əsas verir.

İlin ilk 6 ayı ərzində ÜDM 2 faiz, qeyri-neft ÜDM 5 faiz, ümumi ixrac 15 faiz, qeyri-neft ixracı 27 faiz, qeyri-neft sənayesi 16,6 faiz, valyuta ehtiyatlarımız 1 milyard ABŞ dolları artıb, ixrac idxalı 3,4 milyard dollar üstələyib.

Cari ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 4 milyard 342 milyon manat təşkil edib. Daxilolmalar üzrə proqnoz 124,4 faiz yerinə yetirilib, o cümlədən qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 3 milyard 183,9 milyon manat olub, proqnozdan əlavə büdcəyə 498,8 milyon manat ödənilib. Azərbaycan iqtisadiyyatı böhranın təsirlərini aradan qaldıra bilib.

Ümumilikdə isə iqtisadiyyatımız son illər sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində mühüm hədəflərə çatıb. Bu hədəflərin mühüm bir hissəsi ölkənin fiskal orqanları, o cümlədən vergi sistemi ilə bağlıdır.

Şəffaflıq gəlirlərin artımına yol açır.

Vergi daxilolmaları iqtisadiyyatda baş verən proseslərin, bir növ, "güzgü"südür. Bu dinamikanın iqtisadi artımda mühüm payı var. Vergi daxilolmalarının sürətlənən artım dinamikası iqtisadiyyatda əhəmiyyətli şəffaflaşma proseslərinin baş verdiyini təsdiq edir.

Ötən dövrdə vergi siyasətində və vergi inzibatçılığında aparılmış islahatlar da öz müsbət nəticələrini verməkdədir.

İqtisadi göstəricilərdən öncə bu prosesin əvvəlinə nəzər salmaq yerinə düşər. Çünki islahatların fəlsəfəsi, onun qısa və uzunmüddətli hədəfləri baxımından haradan başladığımızı və hansı nöqtəyə gəldiyimizi aydın görməliyik. İslahatların ilkin anonsu verilərkən bu dəyişikliklər, yeni yanaşmalar dərhal qəbul edilmədi. Ölkəmizin vergi sistemində 2018-ci ildən şəffaflaşma ilə bağlı çağırışlar səsləndirildi və biznes üçün yeni istiqamətlər müəyyənləşdirildi. Şəffaf münasibətlərin qurulacağını, vergi orqanlarının uçotun qurulması və dövriyyələrin şəffaflaşdırılması ilə bağlı tələblərinin müvəqqəti xarakter daşıyacağını güman edənlər də var idi. Hətta bəzi hallarda prosesə müqavimət də göstərilirdi: qiymətlərin artacağı, bizim hələ şəffaflaşmaya hazır olmadığımız barədə fikirlər səsləndirilirdi.

Vergi sahəsində islahatların həyata keçirilməsinə Prezident İlham Əliyevin siyasi dəstəyi sayəsində nail olundu. Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında dövlətimizin başçısı kölgə iqtisadiyyatının yaratdığı fəsadların aradan qaldırılması, şəffaflığın təmin edilməsi, vergidən yayınmanın qarşısının alınması, bazarda sağlam rəqabətin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi ilə bağlı müvafiq göstərişlərini verdi və beləliklə, vergi qanunvericiliyinə dəyişikliklər paketi qısa müddətdə hazırlanaraq qəbul edildi.

Qanunvericilikdə əsaslı dəyişikliklər aparıldı, vergi dərəcələri optimallaşdırıldı, vergitutma bazası təkmilləşdirildi. Həyata keçirilən islahatlar vergi sahəsində şəffaflaşmaya yol açdı. Bunun nəticəsi isə 2020-ci ildə - iqtisadiyyatımızın pandemiya ilə sınandığı çətin bir dövrdə özünü göstərdi, vergi daxilolmalarının pandemiya şəraitində də durğunluq yaranmadı. İqtisadiyyatın "kölgə"dən çıxarılması büdcə gəlirlərinin əsas artım mənbəyi oldu.

Böhran ilinin iqtisadi nəticələrinə nəzər salaq. 2020-ci ildə vergi daxilolmaları 7,4 milyard manat olub, vergi daxilolmaları üzrə illik proqnoza 102,7 faiz əməl edilib (o cümlədən qeyri-neft-qaz sektoru üzrə 103,9 faiz icra olunub). Qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 3,3 faiz artaraq 5,6 milyard manat, neft-qaz sektoru üzrə daxilolmalar 20,6 faiz azalaraq 1,8 milyard manat təşkil edib.

Resessiya şəraitində qeyri-neft-qaz sektoru üzrə proqnozdan əlavə daxilolmalar 209 milyon manata yaxın olub. 2020-ci ildə qeyri-neft-qaz sektoru üzrə daxilolmaların cəmi daxilolmalarda xüsusi çəkisi 2019-cu illə müqayisədə 5,1 faiz artaraq 76 faizə çatıb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının dövlət büdcəsinin qeyri-neft gəlirlərində xüsusi çəkisi 2019-cu ildəki 51,2 faizdən 2020-ci ildə 52,6 faizə yüksəlib. Eyni tendensiya bu il də davam etdirilərək vergi daxilolmaları üzrə proqnoz 124,4 faiz yerinə yetirilib. Təkcə qeyri-neft-qaz sektoru üzrə büdcəyə proqnozdan əlavə 498,8 milyon manat ödənilib.

Bundan başqa, ticarət dövriyyələrinin şəffaflaşmasına təkan verən mühüm addımlardan biri pərakəndə ticarət şəbəkəsində yeni nəsil onlayn kassa aparatlarının quraşdırılması olduğundan, məhz yeni nəsil kassa aparatlarının quraşdırılması ticarətdə dövriyyələrin leqallaşdırılmasına müsbət təsir göstərib. 2020-ci ilin 6 ayı ilə müqayisədə 2021-ci ilin 6 ayında onlayn kassa üzrə dövriyyə 2,1 dəfə artıb.

Biznes şəffaflığa adekvat cavab verir

Vergi islahatlarına başlanıldıqdan sonra əldə edilən rəqəmlərin və meyillərin təhlili şəffaf fəaliyyətin ən düzgün addım olduğunu bir daha göstərir. Kölgə iqtisadiyyatının miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması sahəsində atılan addımlar iqtisadi baxımdan hər hansı fəsadlar yaratmadan öz müsbət nəticələrini verməkdədir.

Bu, bir daha göstərir ki, biznes leqal fəaliyyət göstərməyə, sağlam rəqabət şəraitində işləməyə meyillidir. Rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizmlərinin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir.

Bütün bunlar onu deməyə əsas verir ki, biznes adaptasiya prosesindən uğurla keçməkdədir, çünki ötən dövr ərzində sahibkarlar düzgün işləməyin üstünlüklərini öz təcrübələrində hiss ediblər.

Məsələn, pandemiya şəraitində müvəqqəti vergi rejiminin qəbulu, vergi yükünün azaldılması, həmçinin inzibati prosedurlarda güzəştlər və tətillər şəffaf işləyən sahibkarlara aid edilmişdi. Şəffaf fəaliyyət pandemiya müddətində sahibkarlara verilən maliyyə dəstəyi üçün də başlıca prinsip kimi müəyyənləşdirildi. İşçi sayını düzgün göstərən, vergi orqanları tərəfindən qeydiyyatdan keçərək fəaliyyət göstərən, eləcə də gəlirlərini olduğu kimi bəyan edən sahibkarlara dəstək verildi ki, bunun da nəticəsində maliyyə dəstəyi almaq istəyən digər sahibkarlar da gəlirlərini düzgün bəyan etməyə başladılar və beləliklə, şəffaflığın əhatə dairəsi daha da genişləndi. Beləliklə, iqtisadi artıma dövlət dəstəyi mexanizmlərinin dürüst yerinə yetirilməsi ölkə iqtisadiyyatı qarşısında müəyyənləşdirilmiş hədəflərə nail olmaq üçün ən effektiv vasitəyə çevrildi.

Sözügedən sahələrdə ölkəmizin uğurları göz qabağındadır. İndi mühüm olan bu yolu davam etdirmək və iqtisadiyyatın vergi yolu ilə tənzimlənməsinə töhfə verməkdir.

AZƏRTAC