Tikinti şirkətlərinin nümayəndələri ilə görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə dialoq formatında görüşlərin keçirilməsi və birgə əməkdaşlıq davam etdirilir.
Növbəti belə görüş "Azərbaycan tikinti materialları istehsalçıları assosiasiyası" İctimai Birliyinin, sahibkarların və Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin və digər aidiyyəti strukturların nümayəndələrinin iştirakı ilə keçirilib. Onlayn formatda keçirilən görüşdə tikinti şirkətlərinin fəaliyyəti, tikinti şirkətləri tərəfindən istehsal olunan məhsulların rəsmi qaydada satışı ilə bağlı mövcud çətinliklər, tikinti məhsullarının ixracı, xarici valyutanın məzənnəsinin dəyişməsi zamanı yaranan problemlər, onların həlli və sahənin inkişafı üzrə qarşıda duran məsələlər müzakirə olunub. Vergi öhdəliklərinin icrası, vergi yoxlamaları, vergi nəzarəti və hesabatlılığa dair qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılıb.
Görüş zamanı tikinti sektorunun nümayəndələrinin vergi qanunvericiliyi ilə bağlı təklifləri dinlənilib, bir sıra məsələlər üzrə müvafiq izahatlar verilib, ümumi yanaşmalar bir daha müzakirə edilib və birgə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi qeyd olunub.