Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vətən müharibəsi qəhrəmanlarına gəlir vergisi üzrə əlavə güzəştlər verilib

Prezident İlham Əliyevin 12 iyul 2021-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilib. Həmin qanunla Vergi Məcəlləsinin 102-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, bundan sonra Azərbaycan Respublikasının Milli Vətən Müharibəsi Qəhrəmanlarının aylıq muzdlu fəaliyyətdən əldə etdikləri gəlirlərinə münasibətdə gəlir vergisi üzrə güzəşt müəyyən edilib. Belə ki, qanun qüvvəyə mindikdən sonrakı dövrdə Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarının aylıq muzdlu fəaliyyətdən əldə etdikləri gəlirlərə münasibətdə Vergi Məcəlləsinin 102.1.6 maddəsində nəzərdə tutulmuş vergi güzəşti ilə yanaşı, əlavə olaraq həmin şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Qeyd edilməlidir ki, hazırda Vətən müharibəsi qəhrəmanlarının bir qismi əmək fəaliyyətlərini davam etdirirlər. Bu baxımdan, son dəyişiklik dövlət və neft sektorunda çalışan belə şəxslərin muzdlu işdən gəlirləri üzrə vergi yükünün azalmasına gətirib çıxaracaq. Bununla yanaşı, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan və aylıq əmək haqqı 8.000 manata qədər olan şəxslərin isə muzdlu işdən aylıq gəlirləri 2019-cu il yanvarın 1-dən 7 il müddətinə gəlir vergisindən ümumiyyətlə azaddırlar. Qanunvericilikdə təsbit edilmiş və Vətən müharibəsi qəhrəmanlarına müddətsiz olaraq verilən bu güzəşt Vergi Məcəlləsində muzdlu fəaliyyətdən əldə edilən gəlirlərə münasibətdə tətbiq olunan ən böyük vergi güzəştlərindən biridir.

Hazırda ölkəmizdə aparılan sosial siyasətin başlıca istiqamətlərindən biri şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdir. Vergi qanunvericiliyində edilmiş son dəyişiklik torpaqlarımızın işğaldan azad olunması uğrunda igidlik göstərən və tarixi missiyanın öhdəsindən uğurla gələn mübariz qəhrəmanlarımıza dəstək prosesinin bir hissəsidir.