Şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda monitorinqlər davam etdirilir
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 2021-ci il iyulun 1-dən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) keçirilməsinə icazə verilib.
Bu tədbirlərdə koronavirus infeksiyasına qarşı tələblərə əməl olunmasına nəzarət məqsədilə Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən monitorinqlər davam etdirilir.
Monitorinq qrupları şənlik mərasimlərinin keçirildiyi məkanlarda Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyətini araşdırır və zəruri qaydaların pozulması hallarının qarşısı alınır.
Növbəti monitorinqlər zamanı şənlik təşkil edilən məkanların ərazisi, stollar ətrafında və arasında məsafə, işçi heyətin müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi, şənlik mərasimlərində iştirak edənlərin COVID-19-a qarşı peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədin mövcudluğu və s. məsələlər araşdırılıb, rast gəlinən bəzi nöqsanlar yerindəcə aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun keçirilməsi təmin olunub.
Monitorinq qrupu tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim edilib, müvafiq qaydalar bir daha toy və tədbirin keçirildiyi məkan sahiblərinin diqqətinə çatdırılıb.